Beşinci İslam Həmrəyliyi Oyunlarının medalları ictimaiyyətə təqdim olunub
Avqustun 9-dan 18-dək Türkiyənin Konya şəhərində keçiriləcək beşinci İslam Həmrəyliyi Oyunlarının medalları ictimaiyyətə təqdim olunub.

Mötəbər yarışda 56 ölkədən atletlər 24 idman növündə 483 dəstə medal uğrunda mübarizə aparacaqlar.

Medalın ön tərəfində yarışın loqosu ilə yanaşı, “Məram çiçəyi”nin təsvirinə yer verilib. Tarix boyu müqəddəs hesab olunan çiçək canlamanı təcəssüm etdirir. Medalın içində “Səlcuqlu ulduzu” həkk olunub. Bu da, səkkiz fərqli özəlliyi özündə birləşdirir. Belə ki, səkkiz ulduz Cənnətin səkkiz qapıdan ibarət olmasına bir işarədir. Səkkiz, həmçinin özündə mərhəmət, şəfqət, səbr, sirr tutma, sədaqət, şükür, doğruluq və alicənablığı cəmləşdirir. Medalın ön hissəsini bərəkət rəmzi olan sünbül ünsürü tamamlayır.

Medalın arxa tərəfində isə İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) loqosu və sünbül yer alıb.

İdmançılar “Konya-2021”də atıcılıq, atletika, basketbol (3x3), velosiped, gimnastika (idman, bədii, aerobika), futbol, qılıncoynatma, güləş, ağır atletika, həndbol, cüdo, karate, kikboksinq, stolüstü tennis, kamandan oxatma, taekvondo, voleybol, üzgüçülük və milli oxçuluq növlərində yarışacaqlar. Paralimpiyaçılar isə atletika, stolüstü tennis, kamandan oxatma, boccia və üzgüçülük yarışlarında güclərini sınayacaqlar.

Mötəbər yarışa Azərbaycan idmançıları da qatılacaqlar.

Qeyd edək ki, beşinci İslam Həmrəyliyi Oyunları 2021-ci ilin sentyabrında keçirilməli idi. Daha sonra pandemiya ilə əlaqədar yarışa hazırlığın tam aparılması üçün oyunların 2022-ci ilə təxirə salınması məqsədəuyğun hesab olunmuşdu. İlk dəfə İslam Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanında keçirilib. Dördüncü İslam Həmrəyliyi Oyunlarına Azərbaycan ev sahibliyi edib.

Xəbər 394 dəfə oxundu.