Vüqar Salahov: “Əziz Şuşa” beynəlxalq velosiped turnirinin gələcəkdə ənənəvi hal almasını istəyirik
İşğaldan azad olunmuş ərazilərdə təşkil olunacaq "Əziz Şuşa" beynəlxalq turniri Azərbaycan Velosiped Federasiyasının ilk yarışıdır. Ümid edirəm ki, bu yarış gələcəkdə ənənə halını alacaq.

Bu sözləri iyulun 9-10-da keçiriləcək "Əziz Şuşa" beynəlxalq velosiped turnirinə həsr olunan mətbuat konfransında Azərbaycan Velosiped Federasiyasının İcraiyyə Komitəsinin üzvü, yarışın direktoru Vüqar Salahov deyib.

Bildirib ki, yarışda ölkəmiz 4 komanda ilə təmsil olunacaq. Birinci komanda əsas milli komandamızın üzvlərindən təşkil edilib. İkinci kollektiv Müdafiə Sənayesi Nazirliyinin klubunun üzvləridir. Digər komandalar isə yeniyetmə və gənclərdən təşkil olunub.

Qeyd edək ki, iyulun 9-da keçiriləcək birinci mərhələ Pirallahı rayonunda “Nərəkənd” parkının yaxınlığında baş tutacaq. Bu mərhələdə velosipedçilər 21 kilometr məsafədə fərdi ötüşmədə yarışacaqlar.

İyulun 10-da gerçəkləşəcək ikinci mərhələyə isə Füzuli Beynəlxalq Hava Limanından start götürməklə Şuşa şəhərindəki “Qarabağ” hotelinin qarşısında yekun vurulacaq. İdmançılar sonuncu yarış günündə 71 kilometr məsafəyə qrup ötüşməsində güclərini sınayacaqlar.

Xəbər 302 dəfə oxundu.