Cüdo üzrə yığma üzvlərinə kommunikasiya təlimləri keçirilib
Azərbaycan Cüdo Federasiyası (ACF) tərəfindən qadın və kişilərdən ibarət milli yığmalar üçün media ilə ünsiyyət və ictimaiyyətlə əlaqələr üzrə təlimlər keçirilib.

Kommunikasiya eksperti Vüqar Babanın keçirdiyi təlim zamanı media, jurnalistika, xəbər anlayışları, idman mediasının xüsusiyyətləri barədə danışılıb, jurnalistlərlə ünsiyyət forması, müsahibə vermə qaydaları əyani surətdə izah edilib. İdmançıların KİV nümayəndələri ilə ünsiyyəti zamanı baş vermiş çətinliklərlə bağlı fikir mübadiləsi aparılıb, real hadisələr üzərindən tövsiyələr verilib.

Daha sonra Vüqar Baba və Emin Hüseynzadə tərəfindən hazırlanmış və federasiya tərəfindən təsdiq olunmuş ACF-in media ilə ünsiyyət qaydaları sənədi auditoriyaya təqdim olunaraq detallı izah olunub.

Təlim cüdo üzrə milli yığmaların məşqçi, idman və tibbi heyəti, həmçinin hakimlər heyəti və federasiyanın əməkdaşları üçün nəzərdə tutulub.

Qeyd edək ki, layihə çərçivəsində artıq ötən həftə məşqçilər və tibbi heyət üçün təlim baş tutub. Təlimlərin cüdo nümayəndələrinin ehtiyaclarına uyğun əlavələr edilərək davam etdirilməsi planlaşdırılır.

Xəbər 383 dəfə oxundu.