Azərbaycanın MMA döyüşçüsü Mütləq Döyüş Çempionatındakı ilk döyüşünü braziliyalı idmançıya qarşı keçirəcək
Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasovun Mütləq Döyüş Çempionatındakı (UFC) ilk döyüşünün vaxtı bəlli olub. N.Abbasovun ilk görüşü bu il sentyabrın 6-da braziliyalı İsmael Bonfimə qarşı olacaq.

Bu barədə 28 yaşlı idmançının meneceri Şiraslan Kərimov iyunun 7-də mətbuat konfransında deyib.

O bildirib ki, növbəti döyüşün isə dekabrda keçiriləcəyi gözlənilir. Ş.Kərimov idmançının UFC-yə keçməsi üçün danışıqların yeddi ay aparıldığını vurğulayıb: “Danışıqlar prosesi çətin keçib. Bizə çıxış etmək üçün şans verdilər. Düşünürəm ki, bu digər azərbaycanlı döyüşçülər üçün də yol açıldı”.

Yüngül çəkidə AMC “Fight Nights Global” çempionu N.Abbasov UFC ilə artıq beş döyüş üçün rəsmi müqavilə imzalandığını bildirib. O, yarışda uğurla çıxış etmək və çempionluq uğrunda mübarizə aparmaq niyyətində olduğunu qeyd edib. Diqqətə çatdırıb ki, UFC-də döyüşəcək ilk azərbaycanlı olmağından məmnundur. Həmçinin titul uğrunda vuruşmaq, ən yaxşı döyüşlərini göstərmək istəyir.

Nəriman Abbasovun şəxsi məşqçisi Şəhriyar Abbasov idmançının UFC ilə müqavilə imzalaması barədə danışarkən deyib: “İdmançımız turnirə çempion olmaq üçün yollanacaq. Nərimanın potensialına bələdəm. Hiss edirəm ki, çox şeyə qadirdir. İnanıram ki, Nəriman UFC-nin tarixinə düşəcək”.

Şəhriyar Abbasov belə bir tədbirdə iştirak etməyə şərait yaratdığına görə gənclər və idman naziri Fərid Qayıbova minnətdarlığını ifadə edib.

Mütəxəssis avqustun əvvəlində ABŞ-a gedəcəklərini bildirərək məlumat verib ki, son döyüşlərdə idmançımızı diqqətlə izləyiblər. O, möhtəşəm qələbələr qazanıb. Son üç görüşün ikisində rəqiblərini təslim olmağa məcbur edib.

Xəbər 360 dəfə oxundu.