Naxçıvanda “Level 1” məşqçilik kurslarına yekun vurulub
Naxçıvan Muxtar Respublikasında təşkil olunan beynəlxalq səviyyəli “Level 1” məşqçilik kurslarına yekun vurulub.

“Level 1” məşqçilik kursları Milli Olimpiya Komitəsi (MOK), Azərbaycan Badminton Federasiyası (ABF) və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin (GİN) təşkilatçılığı, Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondu və Dünya Badminton Federasiyasının dəstəyi ilə həyata keçirilib.

Dünya Badminton Federasiyasının eksperti, Azərbaycan milli komandasının baş məşqçisi Morteza Validarvinin moderatorluğu ilə keçirilən və 24 idman müəlliminin qatıldığı kurslarda qısa müddət ərzində iştirakçılara badmintonun nəzəri və praktiki bilikləri öyrədilib.

Kursun yekununda MOK-un Beynəlxalq layihələr üzrə katibi Ceyhun Rəhmanov, ABF-nin baş katibi Ramil Hacıyev və Naxçıvan Muxtar Respublikası GİN-in idman şöbəsinin müdiri Taleh İbrahimov çıxış ediblər.

Sonra təşkilatçılar idman müəllimlərinə sertifikatlar təqdim ediblər.

Bundan əlavə, “Level 1” məşqçilik kurslarında iştirak edən müəllimlər mini badminton turnirində qüvvəsini sınayıb.

Yarışın mükafatçıları təşkilatçılar tərəfindən hədiyyələrlə təltif olunub.

Azərbaycan Badminton Federasiyası tərəfindən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən bəzi məktəblərə badminton invertarları hədiyyə olunub.

Tədbir 5 İyul - Ümumdünya Badminton Günü və Milli Olimpiya Komitəsinin 30 illik yubileyi çərçivəsində keçirilib.

Xəbər 430 dəfə oxundu.