Jurnalistlər arasında keçiriləcək voleybol üzrə “Zəfər kuboku” yarışının püşkü atılıb
22 iyul - Milli Mətbuat Günü münasibətilə jurnalistlər arasında keçiriləcək voleybol üzrə “Zəfər kuboku” yarışının püşkü atılıb.

Tədbir Azərbaycan Voleybol Federasiyasının (AVF) mənzil-qərargahında baş tutub.

İdman Araşdırmalar Mərkəzinin (İAM) Azərbaycan İdman Jurnalistləri İctimai Birliyinin, AVF və “Avrora Group”la birlikdə təşkil etdiyi yarışa 8 komanda qatılıb. Bunlar işğaldan azad olunmuş əraziləri təmsil edən "Şuşa", "Ağdam", "Kəlbəcər", "Füzuli", "Zəngilan", "Xankəndi", "Xocalı" və "Suqovuşan"dır.

Püşkatma mərasiminə İAM-ın sədri Elşən Məmmədov, AVF-nin baş katibi Fərid Xəlilov, baş sponsor “Avrora Group”un nümayəndəsi Elvin Babayev, beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov və iştirakçı komandaların nümayəndələri qatılıblar.

E.Məmmədov daha əvvəl futbol üzrə “Zəfər kuboku” yarışının keçirildiyini xatırladıb: “Futbolda olduğu kimi, voleybolda da iştirakçı komandaların sayının çox olmasını istəyirdik və buna da nail olduq. Say Azərbaycan voleybol çempionatlarındakı iştirakçılardan çoxdur. Biz voleybolun inkişafına dəstək olmaq və buna öz köməyimizi vermək istəyirik”.

F.Xəlilov yarışın ənənəvi olmasını istədiklərini söyləyib: “Bu turnirin hər il baş tutmasını istəyirəm. Bu, voleybola marağın artması və Vətən müharibəsindəki qələbəni qeyd etmək baxımından çox gözəl təşəbbüsdür. Hamınıza uğurlar arzulayıram”.

E.Zülfüqarov isə yarışın qaydaları haqqında məlumat verib. Bildirib ki, turnir Olimpiya sistemi üzrə keçiriləcək. Hər oyun 3 hissədən ibarət olacaq. İlk iki hissə 25-dən, bərabərlik qeydə alınsa, üçüncü set isə 15-dən ibarət olacaq.

Püşk nəticəsində dörddəbir final cütlərinin tərkibi müəyənləşib.

Bu mərhələnin oyunları iyulun 11-də keçiriləcək. Yarımfinal iyulun 16-da, final qarşılaşması iyulun 22-də oynanılacaq.

Turnirin qalibinə kubok, pul mükafatı və diplom veriləcək. Eyni zamanda yarışın ən yaxşı voleybolçusu pul mükafatı alacaq.

Qeyd edək ki, “Zəfər kuboku” yarışının baş sponsoru “Avrora Group”, informasiya dəstəkçisi “Report” agentliyidir.

Xəbər 344 dəfə oxundu.