“Lex” klubunun baş məşqçisi: “Qarabağ”ın zəif və güclü tərəflərini bilirik
Çempionlar Liqasında zəif rəqib yoxdur. “Qarabağ”a hörmətlə yanaşmalıyıq. Həqiqətən çox yaxşı komandadır. Ötən mövsüm Konfrans Liqasında etdiklərini görmüşük. Eləcə də rəqib bizə hörmət etməlidir.

Bunu UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində Ağdamın “Qarabağ” klubunu qəbul edəcək Polşanın “Lex” komandasının baş məşqçisi Con van den Brom iyulun 4-də təşkil olunan mətbuat konfransında deyib.

Niderlandlı mütəxəssis bildirib ki, matça ciddi hazırlaşmışıq. Bütün futbolçular yaxşı formadadırlar. Azərbaycan çempionuna qarşı 2 oyun keçirəcəyik. Təbii ki, asan olmayacaq.

“Qarabağ” da bizim kimi öz ölkə çempionudur. Yeganə fərq rəqibin baş məşqçisinin uzun müddətdir komandaya rəhbərlik etməsidir. “Qarabağ”ın zəif və güclü tərəflərini bilirik. Ona görə də qarşıdakı matça müxtəlif aspektlərdə hazırlaşırıq. Açıq futbol oynasaq, rəqib bizə problem yarada bilər. Odur ki, balansı qorumalıyıq”, - deyə 56 yaşlı mütəxəssis əlavə edib.

Qeyd edək ki, iyulun 5-də Poznandakı eyniadlı arenada oynanılacaq “Lex” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab qarşılaşması 1 həftə sonra Bakıda keçiriləcək.

Xəbər 432 dəfə oxundu.