Kişi voleybolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışını Belarusda davam etdirəcək
Avropa çempionatının təsnifat mərhələsinə və İslam Həmrəyliyi Oyunlarına hazırlaşan kişi voleybolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışını ölkə xaricində davam etdirəcək.

Baş məşqçi Pərviz Səmədovun komandası hazırlığın növbəti mərhələsini Belarusun paytaxtı Minskdə keçəcək.

Voleybolçularımız səfərə iyulun 9-da yollanacaqlar. Minskdə komandanın yerli yığma ilə bir neçə yoxlama matçı da planlaşdırılır. Buradakı hazırlıq iyulun 16-da başa çatacaq.

Milli isə bundan sonra Bakıya Belarus yığması ilə birgə qayıdacaq. İki komanda paytaxtda hazırlıq keçməklə yanaşı, yenidən bir neçə sınaq görüşündə gücünü yoxlayacaq.

Qeyd edək ki, mayın 15-dən hazırlığa başlayan milli “Avro-2023”ün təsnifat mərhələsində A qrupunda Türkiyə və Danimarka yığmaları ilə mübarizə aparacaq. Yığmamız V İslam Həmrəyliyi Oyunlarında isə Sudan, Mərakeş və Kamerun milliləri ilə A qrupunda qüvvəsini sınayacaq.

Xəbər 251 dəfə oxundu.