Azərbaycan Boks Federasiyasının Məşqçilər Komitəsinin sədri müəyyənləşib
Azərbaycan Boks Federasiyasının (ABF) Məşqçilər Komitəsinin ilk iclası keçirilib.

Yığıncaqda ABF-in İdarə Heyətinin üzvü Rövşən Hüseynov yeni formalaşan komitənin sədri Vaqif Kazımov və onun müavini Əsgər Eyvazovu təqdim edib.

Sonra komitənin üzvləri təsdiqlənib. Bildirilib ki, burada Yay Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında mükafat qazanan məşqçi-müəllimlər yer alıblar. Bölgələrdə fəaliyyət göstərən və yetirmələri Azərbaycan çempionatlarında fəxri kürsüyə yüksələn mütəxəssislərin müstəsna hal kimi üzvlüyə qəbul ediləcəyi də qeyd olunub.

İclasda müxtəlif yaş qrupları üzrə yarışlarda boksçuların iştirakı, seçimlərin düzgün aparılması, regionlarda işlərin qurulması və kütləviliyə nail olunmaq yolları müzakirə edilib. Qərara alınıb ki, tezliklə ölkənin müxtəlif bölgələrində Məşqçilər Komitəsinin nümayəndəlikləri fəaliyyətə başlayacaq.

Həmçinin məşqçilərin milli komandalarla işbirliyi barədə fikir mübadiləsi aparılıb, çalışdırıcıların beynəlxalq sertifikasiyaya hazırlığı barədə danışılıb.

Mütəxəssislər də çıxış edərək Azərbaycanda boksun yüksələn xətlə inkişafına nail olmaq üçün təkliflərini səsləndiriblər.

Xəbər 396 dəfə oxundu.