Qocyu-ryu, okinava, karate-do və kabudo-kempo idman növləri üzrə açıq respublika turniri keçirilir
İyunun 24-də uşaq, yeniyetmə, gənclər və böyüklər arasında qocyu-ryu, okinava, karate-do və kabudo-kempo idman növləri üzrə açıq respublika turniri start götürüb.

26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş yarışın açılış mərasimində əvvəlcə Dövlət Himni səsləndirilib, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Azərbaycan Okinava Qocyu-Ryu Karate-do və Kobudo Kempo İdman Növləri Federasiyasının prezidenti, Əməkdar bədən tərbiyəsi və idman xadimi Tarverdi Allahverdiyev, federasiyanın vitse-prezidenti Vüsal Abdullazadə, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin nümayəndəsi Gündüz Vəliyev, Vətən müharibəsi qaziləri, veteranları Azərbaycan Silahlı Qüvvələrinin öz tarixi missiyasını şərəflə yerinə yetirərək, 30 il Ermənistan tərəfindən işğal altında saxlanılan ərazilərimizi 44 gün ərzində düşməndən azad etdiyini bildiriblər. Qeyd edilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 2020-ci il Vətən müharibəsində qazandığı parlaq Qələbə ölkəmizin tarixinin ən şanlı səhifəsini yazıb. Vətən müharibəsi Azərbaycan əsgərinin yüksək döyüş qabiliyyətliyini, hazırlıq səviyyəsini, ən əsası isə vətənpərvər ruhunu göstərib.

Daha sonra uşaqlar, yeniyetmələr, gənclər, böyüklər və veteranlar arasında qocyu-ryu, karate-do üzrə açıq respublika çempionatı və birinciliyinə start verilib. Yarışlarda respublikanın 400-dən çox idmançısı mübarizə aparır.

Turnir iki gün davam edəcək.

Xəbər 266 dəfə oxundu.