Yaponiyanın Nippon Fondu Azərbaycanda əlilliyi olan şəxslərlə bağlı müxtəlif layihələr reallaşdıracaq
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi, Milli Abilimpiya Federasiyasının prezidenti, Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının (IBSA) vitse-prezidenti İlqar Rəhimov Yaponiyanın Nippon Fondunun sədri Yohei Sasakava ilə görüşüb.

İlqar Rəhimov Azərbaycan və Yaponiya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr edilmiş “True Colors Festival”ı ərəfəsində Bakıya səfər etdiyi üçün təşəkkür edib. Görüşdə İlqar Rəhimov Nippon Fondunun müxtəlif ölkələrdə həyata keçirdiyi layihələri və gördüyü işləri yüksək qiymətləndirdiyini qeyd edib. Komitə prezidenti bildirib ki, Azərbaycan və Yaponiya arasında qurulmuş əlaqələr 30 il ərzində inkişaf edib və bu gün olduqca yüksək səviyyədədir.

Azərbaycanda “True Colors Festival” kimi beynəlxalq tədbirin həyata keçirilməsi isə bunun nümunəsidir.

Azərbaycanda idman və sosial siyasət, paralimpiya və abilimpiya hərəkatının inkişafı barədə ətraflı məlumat verən İlqar Rəhimov deyib ki, Prezident İlham Əliyev ölkədə fiziki məhdudiyyətli şəxslərə, onların sosial rifahının yaxşılaşdırılmasına, idmana, o cümlədən paralimpiya hərəkatının inkişafına xüsusi diqqət və qayğı göstərir. İ.Rəhimov Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının fəaliyyəti barədə Yohei Sasakavaya məlumat verib. O bildirib ki, IBSA dünyanın müxtəlif ölkələrində görmə məhdudiyyəti olan şəxsləri idmana cəlb etməkdə davam edir. İ.Rəhimov qurumda nəzərdə tutulan islahatlardan, paralimpiya hərəkatının, o cümlədən gözdən əlillər üçün idmanın inkişaf etdirilməsinə dair hazırlanan layihələrdən söz açıb, IBSA-nın gələcək inkişaf planları, regional perspektivləri barədə qonağı məlumatlandırıb.

Nippon Fondunun sədri Yohei Sasakava Azərbaycana dəvət üçün İ.Rəhimova təşəkkürünü ifadə edib. Y.Sasakava Azərbaycan paralimpiyaçılarının sonuncu Paralimpiya Oyunlarında əldə etdiyi yüksək nəticələri xüsusilə vurğulayıb. Y.Sasakava ölkəmizdə idman, sosial və digər sahələrdə əldə edilmiş nailiyyətləri yüksək qiymətləndirib, əvvəlcə əlaqələrin inkişaf etməsi üçün yaradılmış şəraitə görə Prezident İlham Əliyevə təşəkkürünü çatdırmağı xahiş edib. Fondun sədri Azərbaycan və Yaponiya arasındakı əlaqələrin bundan sonra daha möhkəmlənəcəyindən əminliyini bildirib.

Y.Sasakava görüşdə rəhbərlik etdiyi qurumun fəaliyyəti, fondun həyata keçirdiyi beynəlxalq layihələr barədə məlumat verib. Xüsusilə Paralimpiya hərəkatına Nippon Fondunun göstərdiyi dəstək, inklüziv cəmiyyətin, müxtəlif layihələrdə əlilliyi olan şəxslərin hərtərəfli inkişafına kömək göstərdiyini qeyd edib.

Sonra tərəflər arasında gələcək əməkdaşlıq mövzusunda danışıqlar aparılıb. Paralimpiya və abilimpiya hərəkatının, inklüziv cəmiyyətin inkişafı üçün müxtəlif layihələrin reallaşdırılması, eyni zamanda, bu istiqamətdə tərəflər arasında qarşılıqlı təcrübə mübadiləsinin aparılması haqqında razılıqlar əldə edilib.

Görüşdə Böyük Britaniya Paralimpiya Assosiasiyasının fəxri vitse-prezidenti Entoni Sainsberi, IBSA-nın İdarə Heyətinin üzvü Eiqo Matsuzaki, Milli Paralimpiya Komitəsinin fəxri vitse-prezidenti Natiq Qasımov, Milli Abilimpiya Federasiyasının vitse-prezidenti Rüfət Hacılı, Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi, Milli Paralimpiya Komitəsi və Milli Abilimpiya Federasiyasının nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Nippon Fondunun sədri Y.Sasakava iyunun 24-25-də Bakıda Azərbaycan və Yaponiya arasında diplomatik əlaqələrin qurulmasının 30 illik yubileyinə həsr olunmuş “True Colors Festival” çərçivəsində ölkəmizdə səfərdədir. Dənizkənarı bulvar ərazisində keçiriləcək festivalda Azərbaycan və Yaponiyadan əlilliyi olan istedadlı şəxslərin iştirakı ilə konsert, rəqs, teatr tamaşaları nümayiş ediləcək. Festivalın keçirilməsində əsas məqsəd əlilliyi olan şəxslərin abilitasiya tədbirləri vasitəsi ilə cəmiyyətə inteqrasiyası, insanları bir araya gətirərək əhalinin müxtəlif təbəqələri arasında inklüzivliyin və yaradıcılığın artırılmasıdır.

Xəbər 213 dəfə oxundu.