İƏT-in Baş Katibliyi: Bakıda keçirilən Gənclər və İdman Nazirləri Daimi Şurasının iclası çox səmərəli olub
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi Bakıda keçirilən Gənclər və İdman Nazirlərinin Daimi Şurasının iclasının nəticələrini yüksək qiymətləndirib.

Təşkilatın mədəniyyət, sosial və ailə məsələləri üzrə baş direktoru Əminə Əl-Həcri İslam Əməkdaşlığı Gənclər Forumunun təşkilatçılığı ilə keçirilən bu tədbirin növbəti ilin sentyabrında Səudiyyə Ərəbistanında keçiriləcək İƏT-in Gənclər və İdman Nazirlərinin V sessiyası ərəfəsində faydalı müzakirələrlə yadda qaldığını qeyd edib. Onun sözlərinə görə, qarşıdakı sessiyada İƏT-ə üzv ölkələrin idmanın inkişafı, gənclərin potensialından daha səmərəli istifadə edilməsi üzrə fəaliyyət planı müzakirəyə çıxarılacaq.

İƏT-in Baş Katibliyi təşkilatın müvafiq strukturlarının üzv ölkələrin nazirlikləri ilə birlikdə idman və gənclər siyasəti sahəsində yeni təşəbbüsləri dəyərləndirmələrinin zəruriliyini vurğulayıb. Bu kontekstdə İslam Həmrəyliyi İdman Federasiyası və İslam Əməkdaşlığı Gənclər Forumunun əməkdaşlığı xüsusi əhəmiyyətə malikdir.

Qeyd edək ki, Daimi Nazirlər Şurası İƏT Baş Katibliyi, İslam Həmrəyliyi İdman Federasiyası və İslam Əməkdaşlığı Gənclər Forumu ilə birlikdə Türkiyə, Azərbaycan, Səudiyyə Ərəbistanı, Fələstin, İran, Seneqal, İraqdan ibarətdir.

Xəbər 308 dəfə oxundu.