FHN-in idmançıları yeni uğurlara imza atıblar
Fövqəladə Hallar Nazirliyinin (FHN) idmançıları beynəlxalq arenalardan keçirilən yarışlarda, eləcə də ölkədaxili yarışlarda yeni uğurlara imza atıblar.

iyunun 12-19-da Rumıniyanın paytaxtı Buxarest şəhərində 33 ölkədən 320-yə yaxın idmançının mübarizə apardığı yeniyetmələrin yunan-Roma və sərbəst güləş üzrə Avropa çempionatında FHN-in komandasının və Azərbaycan millisinin üzvü Davud Məmmədov (71 kq) gümüş medal qazanıb. Yunan-Roma güləşçilərindən ibarət Azərbaycan millisi həm medalların sayına, həm də toplanan xallara görə rekorda imza ataraq ardıcıl 2-ci dəfə Avropa çempionu adını qazanıb.

İyunun 14-22-də isə Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş boks üzrə məktəbli oğlan və qızlar arasında Azərbaycan birinciliyində iştirak edən FHN-in komandası İdman-sağlamlıq klubunun əməkdaşı İlkin Ağayevin və məşqçi-müəllim Vüqar Hüseynovun rəhbərliyi altında yüksək nəticələr əldə edib. Respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 70 komandadan 370-ə yaxın boksçunun qüvvəsini sınadığı yarışda qızlar arasında Mələk Hümmətova (51 kq) qızıl medalın sahibi olub. Oğlanların yarışında Murad Babazadə (66 kq) gümüş, Nicat Səmədov (70 kq) bürünc medala yiyələniblər. Mükafatçılar sırasında yer alan idmançılar yığma komandanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

İyunun 10-da isə Türkiyənin Sakarya şəhərində 5 ölkədən (Türkiyə, Azərbaycan, Rusiya, İran və Özbəkistan) müxtəlif çəki dərəcələrində 32 idmançının qüvvəsini sınadığı MMA peşəkar döyüş növü üzrə “Bozbey Fighting Championship” turnirində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Binəqədi rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürəni çavuş Toğrul Mikayılov (66 kq) qızıl medalın sahibi olub.

Qeyd edək ki, Toğrul Mikayılov sanda döyüş növləri üzrə beşqat dünya çempionudur.

FHN-in İdman-Sağlamlıq Klubunun rəisi polkovnik Füzuli Musayev yarışlarda uğur qazanmış idmançılar və məşqçi-müəllimlərlə görüşüb, onları qazandıqları nailiyyətlərə görə təbrik edib və gələcək yarışlarda uğurlar arzulayıb.

Xəbər 348 dəfə oxundu.