Rio-2016-ya cəmi 4 il qalır: Hazırlıq
Ümumən, ən cazibədar okean sahili boyunca yerləşən məşhur İsa Məsih heykəli ilə tanınan Rionun olimpiadaya hazırlığı məqsədilə hökümət 17 milyard dollar ayıracağını əvvəlcədən elan etmişdi. Təbii ki, hazırlıq mərhələsində bu rəqəm bir qədər də artacaq. İndidən əlavə 3 milyard dollar xərclənəcəyi məlumdur.

İdman.com.az saytının məlumatına görə, 6 milyon əhalisi olan şəhər infrastrukturunda nəqliyyatdan da vacib, dəyişiləcək sistem kanalizasiyadır. Strateji planda sosial, sağlamlıq, ətraf mühit, yaşayış, mədəni planlar geniş şəbəkədə birləşir. Təbii ki, əsas xərcləri nəqliyyat və idman obyektləri aparacaq. 17 milyardın 12-si buna sərf olunmalıdır.

Şəhər infrastrukturu 6,47 milyard dollara başa gələcək. Dövlət özü bu məqsəd üçün 590 milyon dollar ayıracaq. Qalanı özəl sektorun payına düşəcək. Telekommunikasiya və internetə 570 milyon, işçi qüvvəsinə 40 milyon, idman obyektlərinə 373 milyon dollar xərclənəcək.

Lakin 2014-cü ilin ən böyük futbol təntənəsinə hazırlığı da nəzərə alsaq, olimpiadaya hazırlıq baxımından elə də böyük xərclər gözlənilmir.
Ərazi baxımından arenalar elə yerləşdiriləcək ki, idmançıların yarısından çoxunun yaşadıqları ərazidən ora çatması 10 dəqiqə çəkəcək. Ümumən bütün iştirakçıların 75 faizinin yarış meydanına çatdırılmasına, uzağı, 25 dəqiqə lazım olacaq. 34 arenadan 18-i fəaliyyətdə olandır, 8-ində bəzi təmir-bərpa işləri aparılacaq, 7-si müvəqqəti konstruksiyadır, 9-u isə yenidən qurulacaq.

Ümumən, Londondan fərqli olaraq, arenalar daha kompakt yerləşib. Onlar Atlantik okeanı sahili boyunca - şimalda, cənubda və şərqdə yerləşir.
Açılış mərasimi avqustun 5-nə planlaşdırılsa da, meydanlarda mübarizə avqustun 3-də, futbol oyunları ilə başlanacaq.

Olimpiya proqramı 2009-cu il oktyabrın 9-da BOK-un sessiyasında bir qədər dəyişikliyə məruz qalıb. Proqrama reqbi-7 və qolf da daxil edilib. Uindsörfinqi əvəz edən katbordinq də proqramın tərkib hissəsi kimi yarış həyəcanı yaşadacaq. Bundan əlavə, stritbol (küçə basketbolu) da proqrama salına bilər.

Xəbər 1719 dəfə oxundu.