Orxan Abbasov: Həndbol üzrə Avropa çempionatının Azərbaycanda təşkil olunması istiqamətində müzakirələr aparılıb
İyunun 7-8-də Avstriyanın Vyana şəhərində Avropa Həndbol Federasiyasının (AHF) baş ofisində qurumun prezidenti Miçael Viederer və baş katib Martin Hausleitner ilə Azərbaycan Həndbol Federasiyanın prezidenti Saleh Məmmədov, birinci vitse-prezident Orxan Abbasov və federasiyanın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ernest Ağakişinın iştirakı ilə görüş keçirilib. Azərbaycan Həndbol Federasiyasının birinci vitse-prezidenti Orxan Abbasov həmin görüşlə bağlı suallarını cavablandırıb.

Həmin müsahibəni təqdim edirik:

Orxan müəllim, Avropa Həndbol Federasiyasının baş ofisində keçirilən görüşdə hansı məsələlər müzakirə olunub?

Vyanadakı görüşdə Azərbaycanda həndbolun inkişaf istiqamətləri, qarşılıqlı əməkdaşlıq, ölkəmizdə beynəlxalq yarışların keçirilməsi, uşaq həndbolunun perspektivləri, gənc hakimlərin yetişdirilməsi, məşqçilərin beynəlxalq seminarlarda iştirakı, AHF-də fəaliyyət göstərən komissiyalarda təmsilçilik məsələləri müzakirə olunub. Görüş zamanı Azərbaycanda həndbolun tarixi, əldə olunmuş nəticələr, klubların beynəlxalq yarışlarda iştirakı və hazırda mövcud vəziyyət barədə videoçarx iştirakçıların diqqətinə çatdırılıb.

Səfərin iki günü əhatə etdiyini, geniş və hərtərəfli müzakirələr aparıldığını nəzərə alsaq, yəqin ki, sadaladığınız mövzularla yanaşı, digər məsələlər də gündəmə gətirilib.

AHF rəhbərliyi ilə səmərəli görüş zamanı Azərbaycan həndboluna fayda verə biləcək bir sıra məsələlər müzakirə mövzusu olub. Beynəlxalq qurumun layihə rəhbərləri ilə keçirilən müzakirələr zamanı ölkəmizdə və regionlarda uşaq həndbolunun inkişaf etdirilməsi üçün müxtəlif layihələrin həyata keçirilməsi haqqında fikir mübadiləsi aparılıb. Gənc hakimlərin seminarlarda iştirakı məsələləri AHF-in hakimlər üzrə rəsmisi Corc Bebestos, komandalarımızın Avropa kuboku yarışlarında iştirakı haqqında klublar üzrə rəsmisi İnes Rayn ilə geniş şəkildə müzakirə olunub. Qitə qurumunun rəsmisi Biata Kozlovski ilə məşqçilərin lisenziya alması və seminarlarda iştirakı barədə söhbətlər aparılıb.

Azərbaycan dünyanın idman mərkəzlərindən biridir. Ölkəmiz bunu mötəbər yarışların yüksək səviyyəli təşkilatçılığı ilə təsdiqləyib, beynəlxalq idman qurumlarının böyük etimadını qazanıb. Vyanadakı görüşdə həndbol üzrə beynəlxalq yarışların Azərbaycanda keçirilməsi məsələsinə də toxunulubmu?

Bəli, bu məsələ də Vyanadakı görüşün əsas mövzularından biri idi. Görüşlərin nəticəsi olaraq qərara alınıb ki, növbəti illərdə gənclərdən ibarət komandaların Avropa çempionatında iştirakı və qitə çempionatının ölkəmizdə təşkili məsələlərinin müzakirə olunması davam etdirilsin. Ümid edirəm ki, bu müzakirələrin səmərəli nəticəsi kimi, yaxın gələcəkdə ölkəmiz həndbol üzrə mötəbər yarışlara da ev sahibliyi edəcək.

Xəbər 454 dəfə oxundu.