Avropa çempionu olan komandamızın üzvü: Federasiya rəhbərliyinə futbolçulara yaradılan şəraitə görə minnətdarlığımı bildirirəm
Slovakiyada keçirilmiş minifutbol üzrə Avropa çempionatında Azərbaycan milli komandası tarixi uğura imza ataraq qalib gəldi. Yığmamız tarixində ikinci dəfə qatıldığı Avropa çempionatının finalında qitə birinciliyinin altıqat qalibi Rumıniya millisini 1:0 hesabı ilə məğlub edərək ilk dəfə qızıl medalların sahibi oldu. Yarış çətin idman mübarizəsi şəraitində keçdi. Amma sevinirəm ki, çəkdiyimiz əziyyətimiz yerdə qalmadı və Avropa çempionu olduq. Bu bizim zəhmətin bəhrəsi, baş məşqçimiz Elşad Quliyev taktiki və texniki tapşırıqlarının və çalışmalarımızın nəticəsi idi.

Bunu Avropa çempionu adını qazanan milli komandamızın futbolçusu Elvin Əlizadə Müsahibəsində bildirib.

Azərbaycan Minifutbol Federasiyasının təsisçisi Orxan Məmmədova futbolçulara yaradılan şəraitə görə minnətdarlığını bildirən yığmanın üzvü deyib: “Federasiya beş il əvvəl yaranmasına baxmayaraq, komandamız ikinci ildir ki, Avropa çempionatında iştirak edirdi. İlk dəfə 2018-ci ildə Ukraynadakı yarışda iştirak edəndə nəticə qazanmamışdıq. Buna baxmayaraq, biz məşqlərimizi intensivləşdirdik və uğurlar əldə etməyə başladıq. Biz çempion olacağımıza inanırdıq. Azərbaycanda istedadlı futbolçulara şərait yaradılanda nəyə qadir olduqlarını göstərdilər. Beləliklə, biz məqsədimizə çataraq Vətənə çempion komanda olaraq qayıtdıq. Ölkəmizdə də bizi yüksək səviyyədə qarşıladılar. Dünən Prezident İlham Əliyev Avropa çempionatının qalibi olan milli komandamızın üzvlərini qəbul etdi. Həmçinin dövlət başçısının Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Minifutbol Federasiyasına bir milyon manat vəsait ayrıldı”.

O bildirib ki, biz gələcəkdə də belə mötəbər yarışlarda yaxşı nəticələr əldə etməyə çalışacağıq. Bu il komandamız dünya çempionatında iştirak edəcək və hazırda o yarışa hazırlaşırıq. Orada da yaxşı nəticə qazanacağımıza inanıram.

Qeyd edək ki, bu gün qələbə münasibətilə milli komandamızın iştirakı ilə Bakı bulvarında təşkil olunan konsert proqramı zamanı çempionluq kuboku səhnəyə gətirilərək tamaşaçılara təqdim olunub.

Xəbər 428 dəfə oxundu.