Ötən il Bakıda baş verən qəza Maks Ferstappenin bu il qələbə qazanmasına necə kömək edib?
Formula 1 çempionatının “Red Bull Racing” komandasının pilotu Maks Ferstappen ötənilki qəzanın təkrarlanmasının qarşısını almaq məqsədilə Bakıda finişə azı 20 dövrə qalmış şinləri dəyişməyi üstün tutub.

Hazırkı dünya çempionunun ötənilki Azərbaycan mərhələsində şinlərin dağılması ilə nəticələnən qəzasını yada salaraq, bu dəfə komanda riskə getməməyi qərara alıb. “Red Bull Racing” komandasının rəhbəri Kristian Hornerin sözlərinə görə, bu səbəbdən Bakıda finişə azı 20 dövrə qalmış hər iki pilot ikinci pit-stopları həyata keçiriblər.

“Bir çox mənada bu, ötən il üçün, partlayan şinə görə Maksın məyusluğuna verilən əvəz idi. Məhz bu səbəbdən biz finişə 20 dövrə qalmış, hətta daha tez şinləri dəyişdik. Lakin həqiqətən də bu, mükəmməl idarəetmə idi”, - Kristian Horner “Sky Sports F1” üçün şərhində əlavə edib.

Qeyd edək ki, Formula 1 çempionatının Azərbaycan Qran-Prisi cari il iyunun 10-12-də Bakıda keçirilib. “Red Bull Racing” komandasının pilotu Maks Ferstappen mərhələnin qalibi adını qazanıb


Xəbər 269 dəfə oxundu.