Canni De Byazi: Bu gün oyun keyfiyyəti baxımından yaxşı idik
Nəhayət qələbə qazandıq. Mən sevinirəm. Özüm üçün yox, futbolçular üçün sevinirəm. Çünki onlar buna layiqdirlər.

Bu sözləri UEFA Millətlər Liqası çərçivəsində “Dalğa Arena”da Belarus millisinə 2:0 hesabı ilə qalib gələn Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis 11 günə 4 oyun keçirdiklərini bildirib: "Ağır oyunlar oldu. Mövsümün sonu olduğu üçün çox çətin idi. Amma bu gün qalib gələ bildik. Qazaxıstanın lider olması sürpriz görünə bilər. Maraqlı məqam odur ki, onlarda da mövsüm davam edir. Digər ölkələrdə isə mövsüm bitib və bu fiziki baxımdan özünü göstərir. Qazaxıstana qarşı da yaxşı oynamışdıq. Təəssüf ki, şanslardan istifadə edə bilmədik və bu, bizə baha başa gəldi".

"Bu gün oyun keyfiyyəti baxımından yaxşı idik. İki hücumçudan başqa, Aleksey İsayev və Coşqun Diniyevi xüsusi qeyd etməliyəm. Start heyətdə meydana çıxanlar da sonadək mübarizə apardılar. Bu, Slovakiya ilə matçdan sonra çətin idi. Amma oyunçular bunu bacardılar”, - deyə baş məşqçi əlavə edib.

Hazırda Qazaxıstan yığması 10 xalla C Liqasının 3-cü qrupuna başçılıq edir. Slovakiyanın 6, Azərbaycanın 4, Belarusun isə 2 xalı var.

Xəbər 389 dəfə oxundu.