UEFA Millətlər Liqası: Türkiyə ardıcıl üçüncü qələbəsini qazanıb
UEFA Millətlər Liqasında üçüncü turun son qarşılaşmaları keçirilib.

Sonuncu oyun günündə A, B və C Liqalarında 10 görüş baş tutub. A Liqasının 3-cü qrupunda İngiltərənin evdə İtaliya ilə matçı qolsuz, Macarıstanın isə Almaniya ilə qarşılaşması 1:1 hesablı heç-heçə ilə başa çatıb. Dördüncü qrupda Niderland Polşa qarşılaşması 2:2, Uels Belçika görüşü 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

B Liqasının birinci qrupunda Ukrayna millisi ölkədəki müharibə səbəbindən Ermənistanla Polşanın Lodz şəhərində qarşılaşıb. Görüş Ukraynanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qrupun digər qarşılaşmasında İrlandiya evdə Şotlandiyanı eyni hesabla məğlub edib.

Üçüncü qrupda isə Monteneqro Bosniya və Herseqovina ilə 1:1 hesablı heç-heçə edib, Rumıniya Finlandiya üzərində minimal hesabla qələbə qazanıb.

Türkiyə komandası C Liqasının 1-ci qrupunda səfərdə Lüksemburqu da məğlub edib, 3 oyundan 9 xal toplayaraq vahid lider olub. Digər matçda isə Farer adaları Litvanı 2:1 hesabla məğlub edib.

Xəbər 299 dəfə oxundu.