Bakıda Formula 2 üzrə birinci sprint yarışına start verilib
İyunun 11-də Bakıda Formula 2 üzrə birinci sprint yarışına start verilib.

Formula 2 yarışlarında hər biri iki pilotla təmsil olunan 11 komanda birincilik uğrunda mübarizə aparır. Pilotlar Bakı şəhər halqasında 21 dövrə vuracaqlar.

Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində ötən gün keçirilən yarışda əvvəlcə pilotlar sərbəst yürüşdə güclərini sınayıblar. Gərgin idman mübarizəsi şəraitində keçən yürüşdə “Hitech Grand Prix” komandasının pilotu Jüri Vips bütün rəqiblərini qabaqlayıb. İlk üçlüyü “Carlin” komandasının üzvü Liam Louson və “Hitech Grand Prix” komandasının pilotu Markus Armstronq tamamlayıblar. Estoniyalı pilot Y.Vips sıralama turunda da birinci olub. Sıralanma turunda “Carlin” komandasının üzvü Liam Louson ikinci, “Prema Racing”in pilotu Dennis Hauqer üçüncü yeri tutublar.

İyunun 12-də saat 11:05-də isə əsas yarış keçiriləcək. Bu dəfə pilotlar 29 dövrədən ibarət yarışda güclərini sınayacaqlar.

On dörd mərhələdən ibarət yarışa noyabrın 18-20-də Əbu-Dabidə yekun vurulacaq. Bakı yürüşünə qədər keçirilmiş beş yarışın nəticəsinə görə, pilotların siyahısına “MP Motorsport” komandasının üzvü Felipe Druqoviç 113 xalla başçılıq edir. Komandalar arasında isə “MP Motorsport” 135 xalla birincidir.

Xəbər 347 dəfə oxundu.