Beynəlxalq Avtomobil Federasiyası ilə Azərbaycan Avtomobil Federasiyası arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Formula 1 üzrə dünya çempionatının səkkizinci mərhələsi – Azərbaycan Qran-Prisi çərçivəsində ölkəmizə gələn Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti, ralli üzrə keçmiş pilot Mohammad ben Sulayem Azərbaycan Avtomobil Federasiyasının (AAF) prezidenti Anar Ələkbərov ilə görüşüb.

Görüşdə FIA ilə AAF arasında sıx əməkdaşlığın formalaşdığı, bir sıra birgə layihələrin həyata keçirildiyi qeyd edilib, qarşılıqlı əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub. Həmçinin Azərbaycanda avtomobil idmanının inkişafı istiqamətində görülən işlər və reallaşdırılan layihələr barədə məlumat verilib, AAF-ın yol hərəkəti təhlükəsizliyi, avtomobil turizmi ilə bağlı layihələri müzakirə edilib.
Sonra FIA prezidenti Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıqlarla yerində tanışlıq üçün şəhər trekində olub.

AAF prezidenti Anar Ələkbərovun və “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimovun iştirakı ilə keçirilən görüşdə şəhər trekinin yarışa tam hazır olduğu bildirilib.

Xəbər 438 dəfə oxundu.