Avropa çempionatında iştirak edəcək güləşçilərimiz ilə görüş olub
İyunun 13-dən 19-dək Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-17 Avropa çempionatı keçiriləcək. Qitə birinciliyində mübarizəyə yunan-Roma güləşçiləri başlayacaqlar.

Böyük məşqçi Taleh İsrafilov, məşqçilər Rasim Ağayev və Elvin Mürsəliyevin rəhbərliyi altında Hüseyn Savadov (45 kq), Elvin İbadov (48 kq), Vədat Qasımlı (51 kq), Fəraim Mustafayev (55 kq), Məhəmməd Qasımzadə (60 kq), Seymur Qasımov (65 kq), Davud Məmmədov (71 kq), İsmayıl Rzayev (80 kq), Mikayıl İsmayılov (92 kq) və Məzaim Mərdanov (110 kq) ölkəmizi yarışda təmsil edəcəklər.

Qitə çempionatından əvvəl Azərbaycan Güləş Federasiyasının rəhbər şəxsləri Olimpiya Güləş Mərkəzində milli komandamızın üzvləri ilə görüşüblər. İcraiyyə Komitəsinin üzvləri Namiq Abdullayev və Fərid Mansurov, baş katib Nəsimi Musayev, baş katibin müavini Orxan Məmmədov, Əməkdar bədən tərbiyəsi və idman xadimi Elçin Cəfərov və Olimpiya çempionu Toğrul Əsgərov millimizin üzvlərinə qarşıdakı məsul yarışda uğurlar arzulayıblar.

Qeyd edək ki, Avropa çempionatının proqramına əsasən, iyunun 12-də güləşin klassik növündə bütün çəkilər üzrə püşkatma mərasimi keçiriləcək. Növbəti üç gündə isə bu növdə mübarizə olacaq. Qitə birinciliyində ədaləti beynəlxalq kateqoriyalı hakimlər Kamran Əliyev və Vüqar Şükürov qoruyacaq.

Xəbər 341 dəfə oxundu.