Formula 2: Sıralanma turuna start verilib
İyunun 10-da Bakıda Formula 2 yarışlarının sıralanma turuna start verilib.

Formula 2 yarışlarında hər biri iki pilotla təmsil olunan 11 komanda birincilik uğrunda mübarizə aparır.

Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində keçirilən yarışda əvvəlcə pilotlar sərbəst yürüşlərdə güclərini sınayıblar. Qırx beş dəqiqə davam edən sərbəst yürüş “Hitech Grand Prix” komandasının estoniyalı pilotu Yuri Vipsin qələbəsi ilə başa çatıb. İlk üçlüyü “Carlin” komandasının üzvü Liam Louson və “Hitech Grand Prix” komandasının pilotu Markus Armstronq tamamlayıblar.

İyunun 11-də saat 13:30-da sprint, ertəsi gün saat 11:05-də isə əsas yarış keçiriləcək. Sprint yarışında pilotlar 21, əsas yarışda isə 29 dövrə vuracaqlar.

On dörd mərhələdən ibarət yarışa noyabrın 18-20-də Əbu-Dabidə yekun vurulacaq. Bakı yürüşünə qədər keçirilmiş beş yarışın nəticəsinə görə, pilotların sıralamasına “MP Motorsport” komandasının üzvü Felipe Druqoviç 113 xalla başçılıq edir. Komandaların sıralamasında isə “MP Motorsport” 135 xalla birincidir.

Xəbər 235 dəfə oxundu.