Esteban Okon: Bakıda çox gərgin mübarizə gözlənilir
Formula 1 yarışlarının Monako mərhələsində Esteban Okon finiş xəttinə 9-cu çatmasına baxmayaraq, cərimə olunduğuna görə protokolda 12-ci yerə düşüb və xal qazanmayıb.

“Alpine” komandasının pilotu Bakıda şəhər trasında bunun əvəzini çıxmaq əzmindədir.

-Siz Monakoda keçən uik-endi necə qiymətləndirirsiniz?

-Uik-end o qədər də yaxşı başlamadı, lakin komanda maşını təsnifata hazırlamaq üçün əla iş apardı və təsnifatda biz yaxşı sürət göstərdik. Bazar günü başqa əhvalat oldu – yürüşün çox hissəsi mürəkkəb şəraitdə keçdi, mən isə cərimə olunduğuma görə xal qazana bilmədim. Bu nəticə həmin uik-end zamanı komandanın formasını əks etdirmirdi.

Biz məyus olsaq da, Monakodan üzüağ getdik, bilirdik ki, bizim maşınımız yaxşıdır, o, ilk onluqda mübarizə aparmağa imkan verir. Biz lazımi nəticələr çıxaracaq və bu informasiyadan Bakıda şəhər trasında istifadə edəcəyik.

-Bakı trası barədə nə fikirdəsiniz?

-Bu şəhər trası mənim xoşuma gəlir, biz bilirik ki, orada çox şey baş verə bilər. Monakodan fərqli olaraq Bakıda ötüb-keçmə əməliyyatları üçün imkanlar çoxdur, düzxətli və sürətli uzun seksiyalar səbəbindən maşın daha az sıxma qüvvəsinə köklənir.

Trasın düzxətli hissəsində çox gərgin mübarizə gözlənilir. Bu, yaxşı haldır, lakin asta döngələrdə maksimum sürət ilə maşının idarə edilməsi arasında düzgün balans tapmaq çox vacibdir. Dövrəyə sərf edilən vaxtın yaxşı olması üçün sazlamaları düzgün seçmək zəruridir.

-Qarşıdakı uik-enddən nə gözləyirsiniz?

-Məqsədimiz uik-endi problemsiz başa vurmaq, cümə günü üçün proqramı qüsursuz yerinə yetirmək və təsnifata hazırlaşmaqdır. Monakoda bizi məyus etmiş mərhələdən sonra xal toplamaq üçün startda yüksək mövqe tutmaq vacibdir.

Keçən il maşında mexaniki nasazlıq yaranması səbəbindən mən cəmi üç dövrə vura bildim. Ona görə indi Bakıda yürüş uik-endinin başlanmasını səbirsizliklə gözləyirəm.

Xəbər 243 dəfə oxundu.