“Alpha Tauri” komandasının pilotu Pyer Qasli:Bakıda qalib gəlmək şansımız var
Pyer Qasli axırıncı dəfə təqribən iki ay bundan əvvəl Formula 1 Avstraliya Qran-Prisində xal qazanıb. “Alpha Tauri” komandasının pilotu Pyer Qasli ümid edir ki, Bakı trasının xarakteristikaları onun maşınına uyğun olacaq və o, özündən ötrü uğursuz seriyaya son qoya biləcək.

Pyer Qasli deyib: “Monako mərhələsində yaranmış vəziyyət mənim əhvalımı çox pozub, ona görə ki, bütün məşqlərdə biz daha çevik idik, sükan arxasında özümü rahat hiss edirdim. Komandamız həmin unikal tras üçün düzgün sazlamanı tapa bilmişdi, sonra uik-endin ən mühüm sessiyası olan təsnifatda hər şey düzgün edilməli idi, amma biz səhvə yol verdik və bu, bizə baha başa gəldi.

Biz sessiyanı yaxşı keçirə bilmədik. Nəticədə mən axırıncı sıralardan start götürdüm, bu isə xal qazanmaq missiyasını praktiki olaraq namümkün etdi. Bununla belə, şadam ki, yürüş yaş trasda başlandı, çünki bu, bizə şans verirdi.

Yürüşdən həm də ona görə razıyam ki, birinci dövrədə aralıq şinləri taxmağa risk etdim. Bunun sayəsində rəqiblərimi ötüb keçdim, lakin təəssüf ki, bu səylərim bircə xal da gətirmədi.

Komanda bilir ki, növbəti yürüşlərdə ən yüksək səviyyədə çıxış etmək üçün səylərimizi artırmalıyıq. Biz bilirik ki, maşının sürəti var, lakin hücumu davam etdirmək lazımdır. Hətta uğurlarımız az olsa belə, şanslı olmaq əlamətləri çoxdur. Ola bilsin, artıq Bakıda yaxşı nəticəyə nail olacağıq.

Qarşıdakı yürüşlə bağlı ehtimallarım yaxşıdır, çünki bu tras ləng döngələrdən ibarətdir, bizdə isə adətən sürətli döngələrlə bağlı problemlər olur. Fikrimcə, bu tras potensial baxımdan bizim maşına uyğundur, lakin uzun əsas düzxətli hissəni unutmamalıyıq. Görək, onun öhdəsindən necə gələcəyik. Bütövlükdə, mən nikbinəm.

Keçən il Bakıda yaxşı çıxış etdik. Mən təsnifatda dördüncü idim və finiş xəttinə üçüncü çatdım. Yuki də yeddinci yer uğrunda xal qazanmışdı. Beləliklə, həmin yürüş bizim komanda üçün əla oldu. Bakıya qayıdarkən keçənilki nəticəni təkrarlamaq vəzifəsini qarşıya qoymuşuq. Təsnifatda komanda yoldaşımın sürət götürməsi bizə kömək edə bilər, lakin unutmamalıyıq ki, bu dolanbac şəhər trasında Monako ilə oxşar cəhətlər var”.

Xəbər 389 dəfə oxundu.