Formula 2: Boşunq Bakıda starta çıxmağı planlaşdırır
Formula 2 yarışlarında çıxış edən “Campos” komandasının İsveçrəli yürüşçüsü Ralf Boşunq İmoladakı yürüşdən sonra boyun nahiyəsində güclü ağrılar hiss etdiyinə görə Barselona və Monako mərhələlərini buraxmağa məcbur olub.

Monako mərhələsi ərəfəsində Boşunqun özünü yaxşı hiss etməsi və starta çıxmağa hazır olması barədə məlumat vardı, lakin yürüşçü şəhər trasında məşqlərə başlayanda xoşagəlməz hisslər yenidən özünü göstərib və həkimlər onun tezliklə bərpa olunması üçün özünü artıq gərginliyə məruz qoymamasını tövsiyə ediblər.

Amma deyəsən Boşunq sağalıb və Bakıda yenidən sükan arxasına keçmək niyyətindədir.

Sosial şəbəkələr vasitəsilə azarkeşlərinə müraciət edən Ralf təzə xəbəri belə bölüşüb: “Bu gün maqnit-rezonans tomoqrafiyası üsulu ilə müayinə olunandan sonra sevinclə bildirirəm ki, Bakıda yürüşdə çıxış etməyə hazırlaşıram. Əvvəlki bir neçə gün ərzində həkimlər mənimlə məşğul oldular. Zədə çox ciddi idi və düzgün müalicə tələb edirdi. Bəzi məqamlarda hələ də ağrı hiss edirəm, lakin yürüşlərdə iştirak etməyimə icazə veriblər”.

Ralf əvvəlki iki mərhələni buraxmalı olmasına baxmayaraq, şəxsi hesabda 11-ci yerdə qalır. Ötən bazar günü İmolada tutduğu 3-cü yer isə onun cari mövsümdə göstərdiyi ən yaxşı nəticə olub.

Xəbər 381 dəfə oxundu.