Bakıda keçiriləcək paracüdo idman növü üzrə dünya çempionatının təşkilat komitəsi yaradılıb
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsində noyabrın 7-9-da Bakıda keçiriləcək paracüdo idman növü üzrə dünya çempionatına hazırlıq işləri davam etdirilir. Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun müvafiq əmri ilə paracüdo idman növü üzrə dünya çempionatının təşkilat komitəsi yaradılıb.

Paracüdo üzrə təşkilat komitəsinə beynəlxalq idman təşkilatı, Milli Paralimpiya Komitəsinin rəhbər heyəti, Azərbaycan Cüdo federasiyasının nümayəndələri və tanınmış idmançılar daxil ediliblər.

Beynəlxalq Görmə Məhdudiyyətli şəxslərin İdman Assosiasiyasının cüdo idman komitəsinin Avropa üzrə koordinatoru Elmar Babanlı təşkilat komitəsinə üzv təyin edilib.

Eyni zamanda Azərbaycan Cüdo federasiyasının idman direktoru, cüdonun təşkili və inkişafı şöbəsinin müdiri Kamran Talıbov və federasiyanın yarışların təşkili meneceri Ağayar Axundzadə, Milli Paralimpiya Komitəsinin icraçı direktorunun müavini, idman şöbəsinin müdiri Rauf Mürsəlov, komitənin beynəlxalq əlaqələr və marketinq şöbəsinin müdiri Rüfət Hacılı, maliyyə və təsərrüfat şöbəsinin müdiri Afər Məhərrəmov, mətbuat katibi Azər Tapdıqov və idman şöbəsinin tibb üzrə aparıcı mütəxəssisi Saday Abdullayev paracüdo üzrə dünya çempionatının keçirilməsi müddətində təşkilat komitəsində fəaliyyət göstərəcəklər.

“London-2012” Yay Paralimpiya Oyunlarının qalibi, Milli Paralimpiya Komitəsinin icraiyyə komitəsinin üzvü Afaq Sultanova və para-taekvondo idman növü üzrə üç qat dünya çempionu, “Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası” İctimai Birliyinin sədri Aynur Məmmədova da təşkilat komitəsinə üzv təyin ediliblər.

Dünya çempionatında 40-dan çox ölkənin aparıcı idmançılarının iştirakı gözlənilir və bu yarış “Paris-2024” XVII Yay Paralimpiya Oyunlarına lisenziya xalı qazandıracaq.

Qeyd edək ki, dünya çempionatından əvvəl beynəlxalq həkimlərin iştirakı ilə idmançılar üçün tibbi təsnifat keçiriləcək.

Xəbər 280 dəfə oxundu.