“Bakı-2022”: Tapançadan sürətli 25 metr məsafəyə atəşaçma yarışında Koreya idmançıları qızıl medal qazanıb
Bakıda atıcılıq üzrə dünya kuboku yarışının növbəti qalibləri müəyyənləşib.

Sürətli tapançadan atəşaçma üzrə 25 metr məsafəyə kişilərin komanda yarışında Koreya idmançıları Dayeyun Han, Jekyun Li, Yonq-Ho Song qızıl medal qazanıblar.

Ümumi nəticələrə görə, Koreya Respublikasının komandası (5 qızıl, 3 bürünc medal) liderliyi davam etdirir. ABŞ idmançıları 3 qızıl, 3 gümüş və 1 bürünc medalla ikinci, Fransa 3 qızıl, 2 gümüş və 1 bürünc medalla üçüncü yerdədir.

Xatırladaq ki, iyunun 7-dək davam edəcək turnirdə 66 ölkədən 705 idmançı 30 növdə gücünü sınayır.

Turnirdə qarışıq komanda, komanda və şəxsi yarışlar keçirilir. Azərbaycanı dünya kuboku yarışında 36 idmançı təmsil edir.

Yarışda idmançılar 30-u qızıl olmaqla 188 medal uğrunda mübarizə aparırlar.

Xəbər 364 dəfə oxundu.