Daniel Rikkardo Bakı yürüşündən əvvəl simulyatorda səylə çalışır
Formula 1 çempionatının “McLaren” komandasının pilotu Daniel Rikkardo Azərbaycan Qran-Prisindən əvvəl simulyatorda işləməklə çempionatda ortağı Lando Norrisdən geriləməsinin əvəzini çıxarmağa səy göstərir.

Avstraliyalı ötən yeddi mərhələnin yalnız ikisində xal toplamağa nail olub. İndi Norrisin 48 xalına qarşı onun cəmi 11 xalı var. Lando çempionatda yeddinci, Daniel isə 11-ci yeri tutur.

Belə məyusedici nəticələr Danielin komandada və ümumilikdə Formula 1-də gələcəyini sual altında qoyur. Lakin pilot təslim olmaq fikrində deyil. “McLaren”də də Danielə kömək etməyə çalışırlar.

“RaceFans” nəşri komandanın rəhbəri Andreas Zaydlın bu sözlərini sitat gətirir: “Həftəsonu yürüşlərdən sonra mən həmişə öz pilotlarımın hansı nəticə qazanmalarından və yürüşün necə keçməsindən asılı olmayaraq, inadla çalışıb trasda işlərini yerinə yetirmələrinə görə onlara təşəkkür edirəm.

Yürüşdən sonrakı təhlil Danielə öz çətinliklərini həll etmək imkanı verəcək. Əsas odur ki, Daniel xüsusilə təsnifat yürüşündə özünü boliddə rahat hiss etsin”.

Xatırladaq ki, Formula 1 çempionatının Azərbaycan mərhələsi iyunun 10-dan 12-dək Bakıda keçiriləcək.

Xəbər 320 dəfə oxundu.