Usta cüdoçularımız Avropa çempionatının həm fərdi, həm də komanda yarışlarında böyük uğura imza atıblar
Yunanıstanın Heraklion şəhərində usta cüdoçular arasında keçirilən Avropa çempionatında Azərbaycanın veteran cüdoçuları yüksək nailiyyət qazanıblar.

Çempionatda iştirak edən “Judo Club 2012”nin direktoru, veteran cüdoçu Mübariz Yığma həm fərdi, həm də komanda yarışlarında uğurla çıxış edib. Belə ki, komandanın heyətində “Judo Club 2012”nin idman zalında məşq edən 20 cüdoçudan 19-u fərdi yarışları medalla başa vurub. Veteranlardan ibarət komandanın baş məşqçisi, 9 qat dünya, 8 qat Avropa çempionu Fərhad Rəcəblinin rəhbərlik etdiyi milli qitə çempionatında 9-u qızıl, 5-i gümüş, 5-i bürünc olmaqla, 19 medala sahib çıxıb.

Komandaya qızıl medalları Nadir Babayev (M1, 73 kq), Tural Səfquliyev (M1, 100 kq), Məmməd Məmmədov (M2, 73 kq), Samir İsmayılov (M2, 81 kq), Azər Fətullayev (M3, 81 kq), Babək Hacıyev (M4, 60 kq), Emil Hüseynov (M4, 100 kq), Mübariz Cəfərov (M5, 90 kq) və Azərbaycanın ən titullu veteran cüdoçusu Fərhad Rəcəbli (M7, 90 kq) qazandırıb. Bu qələbə Heraklionda öz qalib imicinə sadiq qalan azərbaycanlı cüdo əfsanəsi Fərhad Rəcəblinin 8-ci Avropa çempionluğu kimi yadda qalıb.

Gümüş medallara Vüqar Babayev (M2, 66 kq), İntiqam Ələkbərov (M2, 100 kq), Mahir Ağamirzəyev (M4, 90 kq), Müşfiq Cəfərov (M5, 73 kq) və Qabil Qasımov (M6, +100 kq) layiq görülüblər.

İlham Heydərov (M2, 100 kq), Ramil Muradov (M2, 100 kq), Rauf Fərzəliyev (M4, 73), Natiq Qasımov (M6, 81 kq) və Şamil Sövzəliyev (M8, 81 kq) isə fərdi yarışların bürünc medallarına sahib çıxıblar.

Beləliklə, fərdi yarışları 19 medalla başa vuran cüdoçularımız bu nəticə ilə kişilər arasında və ümumi komanda hesabında birinci yeri tutublar. İkinci yerə 5 qızıl, 5 gümüş və 3 bürünc medalla İtaliya komandası sahib çıxıb. Gürcüstanlı cüdoçular isə 5 qızıl, 2 gümüş və 9 bürünc medalla üçüncü olublar. Bu, cüdo ustalarımızın veteranlar arasında keçirilən Avropa çempionatları tarixində qazandığı ən yüksək nailiyyət hesab olunur.

Qitə çempionatının sonuncu günündə isə komanda yarışları təşkil olunub. Beş komandanın iştirak etdiyi yarışlarda Azərbaycan təmsilçiləri kişilər arasında 30-39 yaş qrupu üzrə mübarizə aparıb. Cüdo millimiz yarışı bürünc medalla başa vurub. Komandamız üçüncü yer uğrunda həlledici görüşdə Fransa yığmasına qalib gəlib. Komanda yarışlarının qalibi isə Gürcüstan millisi olub.

Xəbər 309 dəfə oxundu.