Maks Ferstappen Bakıda Sebastian Fettelin rekordunu qıra bilər
Formula 1 çempionatının Azərbaycan Qran-Prisində “Red Bull Racing” komandasının pilotu Maks Ferstappen podiumların sayına görə özünün sələfi Sebastian Fettelin rekordunu qıra bilər.

Fettel Monakoda qalib gəlmədi, lakin öz karyerasında 65-ci dəfə fəxri kürsüyə qalxaraq, nə vaxtsa “Red Bull Racing” komandasında çıxış edən, hazırda “Aston Martin”in pilotu ilə bu göstərici üzrə bərabərləşdi. Bakıda isə Maks artıq Sebastianın nailiyyətlərini üstələyə bilər.

Bununla belə, Ferstappenin Fettel qarşısında üstünlüyü tam olmayacaq, çünki Fettel özünün 65 podiumuna 113 yürüşdə nail olub, hazırkı dünya çempionuna bunun üçün 125 yürüş tələb olunur. Yeri gəlmişkən, “Red Bull Racing”in sabiq pilotu Mark Uebber də bu reytinqdə üçüncüdür. O, 110 yürüşdə 41 dəfə fəxri kürsüyə qalxıb.

Qeyd edək ki, Formula 1 çempionatının Azərbaycan Qran-Prisi 10-12 iyun tarixlərində Bakıda keçiriləcək.

Xəbər 353 dəfə oxundu.