ABŞ təmsilçisi: “Bakı-2022”də qalib adını qazandığım üçün çox sevinirəm
İlk dəfə Azərbaycanda 2015-ci ildə olmuşam. Həmin vaxt Qəbələdə keçirilmiş dünya kuboku yarışında iştirak etmişdim. Həmin yarışda da qalib adını qazanmışdım. Qəbələdəki yarış “Rio-2016” Yay Olimpiya Oyunlarında iştirak etməyim üçün imkan yaratdı. Azərbaycan, paytaxt Bakı barədə təəssüratlarım çox gözəldir. Bakıda qədim və müasir memarlıq nümunələri bir-biri ilə vəhdət təşkil edir. Komanda yoldaşlarım da eyni fikirdədirlər. Mən tarixi sevirəm. Bakı da öz keçmişini qoruyub saxlayıb. Şəhərdə gəzdiyim zaman Formula 1 yarışlarına hazırlığın getdiyini gördüm. Buradakı yeməklər də dadlıdır. Azərbaycan mənim xatirəmdə gözəl ölkə olaraq qalacaq.

Bu sözləri jurnalistlərə müsahibəsində Bakıda atıcılıq üzrə keçirilən dünya kuboku yarışında dairəvi stend növü üzrə kişilər arasında qızıl medal qazanan ABŞ təmsilçisi Uinsen Hankok deyib. O, qeyd edib ki, final çox maraqlı və gərgin mübaizə şəraitində keçib: “Əlimdən gələn hər şeyi etdim ki, burada qalib olum. Təcrübəm və etdiyim məşqlər mənə kömək etdi. Burada vacib olan dəqiqlik və mükəmməllikdir. Yarımfinal mərhələsində 30 hədəfin hamısını vurdum. Finalda isə cəmi 2 dəfə səhv etsəm də, sonda qələbə qazana bildim. Burada iştirak edən hər bir atlet qızıl medal qazanmaq istəyir. Xoşbəxtəm ki, yekunda çempion olmağı bacardım”.

Amerikalı idmançı Bakı Atıcılıq Mərkəzinin müasir tipli idman arenası olduğunu bildirib. O qeyd edib ki, yarış yüksək səviyyədə təşkil olunub.

“Komandamız bu yarışda çox yaxşı çıxış edir. Onlar əzmkarlıqla mübarizə aparırlar. Həm qadınlar, həm də kişilərin nəticələri yaxşıdır. Dünənki yarışda 3 medal qazanmışıq. Bu gün yenə mübarizə aparacağıq”, - deyə o, əlavə edib.

Xəbər 439 dəfə oxundu.