“Bakı-2022”nin koreyalı qalibi: Bakı Atıcılıq Mərkəzində atletlərin öz potensiallarını üzə çıxarması üçün hər bir şərait yaradılıb
Həyatımda ilk dəfədir ki, qarışıq komanda yarışında iştirak edirəm. Bu, mənim üçün çox maraqlı idi. Yarış olduqca gərgin keçdi. Digər turnirlərə nisbətən Bakıdakı yarış fərqli və çətin idi. Amma bunun öhdəsindən gəlmək bizim üçün vacib idi. Buna nail olduğumuz üçün xoşbəxtəm. Rəqibimiz ukraynalı atıcılar idi. Onların uğur qazanması bizi sevindirir. İstər fərdi, istərsə də komanda yarışlarında nəticələrimizdən razı qaldım. Qarşıdakı yarışlara da hazırlaşırıq. Həmin mübarizələrdən də qalib ayrılacağımızı düşünürəm.

Bu sözləri müsahibəsində Bakıda atıcılıq üzrə keçirilən dünya kubokunda 25 metr məsafəyə tapançadan atəşaçma üzrə qarışıq komandaların yarışında qalib olan Cənubi Koreya millisinin üzvü Lana Kim bildirib.

Onun komanda yoldaşı Yonq-Ho Sonq isə Bakı Atıcılıq Mərkəzində bütün atletlərin öz potensiallarını üzə çıxarması üçün hər bir şəraitin yaradıldığını vurğulayıb: “Yarışın keçirildiyi Bakı Atıcılıq Mərkəzində atletlərin öz potensiallarını üzə çıxarması üçün hər bir şərait yaradılıb. Yarışda hamının şansı bərabərdir. Biz səy göstərib, əlimizdən gələni edəcəyik ki, yekunda qalib olaq. Bu qələbədən sonra siyahıda ilk pillədə qərarlaşmışıq. Amma hər şey dəyişə bilər. Yəni, ola bilər ki, biz turnirin sonunda medal sıralamasının ilk pilləsində yer alaq, yaxud əksinə, hətta ilk üçlüyə düşməyək”.

Qeyd edək ki, dünya kuboku yarışında Koreya millisi 4 qızıl, 3 bürünc medalla turnir cədvəlinə başçılıq edir.

Xəbər 338 dəfə oxundu.