Könül Nurullayeva: Formula 1-in yeni ünvanlarından olan Bakı indi həm də dünyanın sürət paytaxtıdır
Ölkəmiz yüksək səviyyəli beynəlxalq turnirlərə uğurla ev sahibliyi etməklə dünyada böyük nüfuz qazanıb. Bir neçə gündən sonra paytaxt Bakı növbəti dəfə Formula 1 Azərbaycan Qran-Pri yarışlarına ev sahibliyi edəcək. Hər il olduğu kimi, bu il də yarışa hazırlıqlar yüksək səviyyədə davam edir.

Milli Məclisin deputatı Könül Nurullayeva söyləyib.

Azərbaycan Qran-Prisinin təşkilatçılığına görə ən yaxşılar sırasında olduğunu qeyd edən K.Nurullayeva ölkəmizin Formula 1 yarışlarına 2016-cı ildən ev sahibliyi etdiyini diqqətə çatdırıb: “2016-cı ildə Formula 1 təqvimindəki ilk çıxışından etibarən, yarışın Bakı mərhələsi qısa müddətdə dinamik nəticələrlə geniş tamaşaçı kütləsi toplayıb və pilotların sevimlisinə çevrilib. Obrazlı ifadə etsək, Formula 1-in yeni ünvanlarından olan Bakı indi həm də dünyanın sürət paytaxtıdır. İyunun 10-12-də keçiriləcək mötəbər yarış 6-cı dəfə Bakı küçələrində öz azarkeşlərinə möhtəşəm həyəcan yaşadacaq. Ötən il pandemiya səbəbindən yarışlar tamaşaçılarsız keçirildi. Amma bu il Formula 1 Azərbaycan Qran-Prisini yenidən canlı izləmək imkanı olacaq”.

Deputat bildirib ki, Formula 1 yarışları yarım milyarda yaxın tamaşaçı auditoriyasına görə dünyada futboldan sonra ikinci yeri tutur. Ona görə belə mötəbər avtomobil yarışının Azərbaycanda keçirilməsi olduqca vacibdir. Bu, həm də Azərbaycanın dünyaya təqdimatıdır. Ölkəmizin nüfuzunun artması və təbliğat baxımından Formula 1 önəmli idman yarışıdır. Ev sahibliyi nəticəsində Azərbaycanın həm beynəlxalq nüfuzu artır, həm də idman ölkəsi kimi mövqeləri möhkəmlənir. 2018-ci ildə keçirilmiş Azərbaycan Qran-Prisini ümumilikdə 82,3 milyon televiziya tamaşaçısı izləyib. Bu göstərici 2019-cu ildə 10 faiz artaraq 90,2 milyon nəfər təşkil edib.

Onun sözlərinə görə, yüksək səviyyəli beynəlxalq yarışlara ev sahibliyi etmək ilk növbədə təhlükəsizlik və sabitlik mühüm şərtlərdən biridir. Bu baxımdan Azərbaycan əsl nümunə sərgiləyir.

“Digər tərəfdən, Formula 1Qran-Pri yarışları turizm potensialının genişlənməsi baxımından da çox əhəmiyyətlidir. Ümumiyyətlə, Azərbaycanda keçirilən ilk Formula 1 yarışlarından sonra ölkəyə kütləvi turist axını başlayıb. Birinci dəfə yarış keçiriləndən sonra ölkəyə gələn turistlərin sayında 24 faiz artım qeydə alınıb. Ondan sonrakı illərdə bu faiz artmaqda davam edib. Prezident İlham Əliyev 2020-ci ildə Ümumdünya Turizm Təşkilatının Baş katibi ilə onlayn görüşdə də bildirmişdi ki, Azərbaycanda turizmin sürətli inkişafı çox cəhətdən Formula 1 yürüşlərinin keçirilməsi ilə bağlıdır. Əcnəbilər Azərbaycanda hər il təqribən 1,5-2 milyard dollar pul xərcləyirlər. Bu da ölkə iqtisadiyyatına böyük valyuta axını deməkdir. Yəni bu cür tədbirlərə ev sahibliyi edən ölkələr sərmayə qoymaqla yanaşı, həm də qazanc əldə edir”, - deyə K.Nurullayeva vurğulayıb.

Deputat qeyd edib ki, Formula 1 Azərbaycan Qran Prisi həm də Azərbaycanda könüllülük hərəkatının miqyasının genişləndiyini göstərir. Könüllülər yarışın ayrılmaz hissəsidir. Təsadüfi deyil ki, Formula 1 Azərbaycan Qran Prisində iştirak etmək üçün cari ilin əvvəlində 8000 -dən çox namizəd qeydiyyat üçün müraciət edib. İki illik fasilədən sonra, 2022-ci il yarışı azarkeşlərin iştirakı ilə baş tutacaq. Bu isə öz növbəsində könüllü olmaq istəyənlərin sayına ciddi təsir edib. Müraciət edənlərin 1500 nəfəri yarışların təşkilinə könüllü olaraq qatılmaq fürsəti qazanıb. Azərbaycan könüllülərinin öz təcrübəsini digər ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə də bölüşmə perspektivi də böyükdür.

“Əminliklə deyə bilərik ki, Azərbaycan builki Formula 1 yarışlarını da uğurla ev sahibliyi edəcək”, - deyə Könül Nurullayeva vurğulayıb.

Xəbər 232 dəfə oxundu.