Canni De Byazi: Meydanda xarakter göstərməliyik
Futbolda vacib olan nəticədir, bunu anlamalıyıq. Qazaxıstan millisi ilə oyunda qol vurmaq üçün yaxşı imkanlarımız oldu. Təəssüf ki, qol vura bilmədik. Qol vurmursansa, qələbə qazana bilmirsən. Oyundan sonra futbolçulara təşəkkürümü bildirdim. Oyunumuzu təhlil etdik. Rəqib iki zərbə vurdu, qalib gəldi. Bizim isə 15 zərbəmiz var idi. Kiçik səhvlər etdik və nəticədə qollar buraxdıq. Çalışacağıq ki, sabah qalib gələk.

Bu sözləri UEFA Millətlər Liqası çərçivəsində iyunun 6-da Serbiyanın Novi Sad şəhərində Belarus millisi ilə qarşılaşacaq Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis bildirib ki, Belarus komandasının oyununu analiz ediblər. Təxminən bizimlə eyni səviyyədədirlər. Rəqib komanda ucaboy futbolçulara malikdir, standart vəziyyətlərdən təhlükəli ola bilirlər. Amma onların oynamağı bizdən asılı olacaq. Biz imkan versək, oynayacaqlar, verməsək yox. Necə ki, Qazaxıstana ilk hissədə oynamaq imkanı verməmişdik. Daha xarakterli olmalıyıq. Ən əsası, meydanda xarakter göstərməliyik. Bilirəm ki, komandamızın yaxşı keyfiyyətləri var.

"Heyətlə bağlı dəqiq qərar verməmişəm. Bu gün kimin özünü fiziki cəhətdən necə hiss etdiyinə baxacağıq. Uzun yol qət etmişik. Kimsə daha tez bərpa olur, kimdəsə bu alınmır. Çalışacağıq balansı itirməyək və matçda yaratdığımız imkanlarından düzgün yararlanaq”, - deyə baş məşqçi əlavə edib.

Xəbər 363 dəfə oxundu.