Formula 1 Azərbaycan Qran-Prisi zamanı piyadaların hərəkətinə heç bir məhdudiyyət qoyulmayacaq
Formula 1 Azərbaycan Qran-Prisinin keçiriləcəyi Bakı şəhər halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkəti iyunun 6-da gecə saat 01:00-dan etibarən məhdudlaşdırılacaq.

Bu sözləri Formula 1 Azərbaycan Qran-Prisinin milli mətbuat katibi Turab Teymurov iyunun 3-də təşkil olunan brifinqdə deyib.

T.Teymurov bildirib ki, hərəkət iyunun 14-də səhər saatlarından etibarən bərpa olunacaq. Hərəkət məhdudiyyəti üç zonada tətbiq ediləcək. Birinci zona yarış halqasının əhatə etdiyi İçərişəhər ərazisi, ikinci Azadlıq meydanı və onun yaxınlığında yerləşən küçələr, üçüncü zona isə BMT-nin 50 illiyi küçəsinin keçdiyi ərazidir. Yarışın keçirildiyi müddətdə qeyd olunan ərazilərə nəqliyyatın giriş-çıxışı üçün yaşayış yerinə giriş icazəsi veriləcək. Bu zonalarda yaşayan və ya əmək fəaliyyəti ilə məşğul olan sürücülər icazəni tam ödənişsiz əldə edə biləcəklər”.

Sürücülərə alternativ yollardan istifadə etmələrini tövsiyə edən T.Teymurov deyib: “Vətəndaşlar icazəni paylanma məntəqələrinə yaxınlaşaraq, həftənin bazar ertəsindən cümə gününədək saat 10:00-dan 17:00-dək əldə edə bilərlər. Bunun üçün vətəndaşlar zonalar üzrə müvafiq idarələrə müraciət etməlidirlər. İcazələrin paylanması mayın 16-da başlayıb və iyunun 12-dək davam edəcək”.

“Hər il olduğu kimi, bu il də Formula 1 Azərbaycan Qran-Prisi zamanı piyadaların hərəkətinə heç bir məhdudiyyət qoyulmayacaq. Belə ki, yarış həftəsi ərzində şəhər sakinlərinin maneəsiz hərəkətini təmin etmək üçün yarış halqası ərazisində yerləşən daimi yeraltı keçidlər gün boyu açıq olacaq. Piyadalar halqa ətrafında, Azərbaycan prospekti ilə İstiqlaliyyət küçəsinin, Xaqani və Rəşid Behbudov küçələrinin, Azadlıq prospekti ilə Xaqani küçəsinin kəsişməsində müvəqqəti yerüstü keçidlərdən də istifadə edə biləcəklər. Rəşid Behbudov küçəsinin Neftçilər prospekti ilə kəsişməsində salınacaq keçid isə daimi olaraq quraşdırılıb”, - deyə yarışın milli mətbuat katibi əlavə edib.

Formula 1 Azərbaycan Qran-Prisi iyunun 10-12-də Bakı şəhər halqasında təşkil olunacaq.

Xəbər 449 dəfə oxundu.