Yeniyetmələr və böyüklər arasında həvəskar universal döyüş üzrə Özbəkistan dünya çempionatı keçirilib
Mayın 26-30-da Özbəkistanın paytaxtı Daşkənd şəhərinin universal idman sarayında yeniyetmələr və böyüklər arasında həvəskar universal döyüş üzrə Özbəkistan dünya çempionatı keçirilib.

Çempionat Özbəkistan Respublikasının İdman İnkişafı Nazirliyi, Beynəlxalq Həvəskar Universal Döyüş Federasiyası və Özbəkistan Universal Döyüş Federasiyasının dəstəyi ilə baş tutub.

Dünyanın 50-dən artıq ölkəsindən 700-dən çox idmançının qatıldığı çempionatda ölkəmizi Azərbaycan Universal Döyüş Federasiyası 23 idmançı ilə təmsil edib. Ölkəmizi təmsil edən Azərbaycan yığmasının çempionatdakı iştirakı Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutub. Çempionatın yarımfinal və final mərhələlərinə qalan idmançılarımız qızıl, gümüş, bürünc medal və diplomlarla təltif olunublar. Həmçinin çempionat çərçivəsində ilk dəfə peşəkarlar arasında dünya kəməri uğrunda döyüş keçirilib. Döyüşün qalibi universal döyüş üzrə beşqat dünya, altıqat Avropa çempionu, Asiya kəmərinin sahibi, dünya oyunlarının və dünya kubokunun qalibi Azərbaycan idmançısı Nicat Əliyev (85 kq) olub. Ümumi nəticələrə görə yeniyetmələr arasında İldırım Quliyev (45 kq), Sadiq Kərimov (50 kq) və Adnan Babazadə (55 kq) üçüncü yerə çıxıblar. Gənclər arasında Zahid Səfərzadə (75 kq) birinci, Kənan İsgəndərzadə (85 kq) ikinci yerə layiq görülüb. Kişilər arasında Rasim İsmayılov (55 kq) birinci, Mehman Hüseynov (95 kq) ikinci, Orxan Şükürov (85 kq), Ağani Məmmədov (85 kq), Tofiq Niftəliyev (90 kq), Elçin Sadiqov (95 kq) və Asif Səlimli (95 kq) üçüncü yeri tutub.

Azərbaycanda həvəskar universal döyüş növünə maraq getdikcə artır. Bu istiqamətdə Azərbaycan Universal Döyüş Federasiyasının fəaliyyəti xüsusi qeyd olunmalıdır. Federasiyanın prezidenti, SSRİ İdman ustası, Əməkdar məşqçi, Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi Azər Həsənovun ciddi səyləri nəticəsində son vaxtlar ölkəmizdə universal döyüş növü ilə məşğul olan idmançıların peşəkarlıq səviyyəsi də xeyli yüksəlib.

Xəbər 390 dəfə oxundu.