“Bakı-2022”nin qızıl medalçısı: Azarkeşlərin dəstəyi məni qələbəyə ruhlandırdı
Seçmə mərhələni uğurla keçdikdən sonra finalda sırf qələbəyə köklənmişdim. Yüksək mükafata layiq görüldüyüm üçün çox məmnunam.

Bunu jurnalistlərə müsahibəsində kişilər arasında tüfəngdən 50 metr məsafəyə atəşaçma yarışında qızıl medal qazanan ukraynalı Serhiy Kuliş bildirib.

O qeyd edib ki, bu, Azərbaycana ilk səfəri deyil və ölkəmizdə həmişə xoş münasibətlə qarşılaşıb: “Azərbaycanda əvvəllər yarışlarda iştirak etmişəm. Ona görə də burada gördüyüm xoş münasibət və yaradılan əla şərait məni təəccübləndirmədi. Atletlərin rahatlığı üçün hər cür imkan yaradılıb. Bakıda olduğum bu neçə gündə söhbətləşdiyim insanlardan isti münasibət, Ukraynaya dəstək gördüm. Azarkeşlərin dəstəyi məni qələbəyə ruhlandırdı”.

Vətənindəki müharibə ilə bağlı ötən üç-dörd ay ərzində yarışlara qatılmadığını bildirən idmançı dünya kuboku yarışına köklənməyin psixoloji baxımdan çətin olduğunu da qeyd edib.

Xəbər 540 dəfə oxundu.