“Bakı-2022”nin avstraliyalı qalibi: Bakıda atıcılıq üzrə dünya kuboku yarışı olduqca maraqlı idman mübarizəsi şəraitində keçir
Uzun məsafə qət edərək Azərbaycana gəldik. Bu gün qarışıq komanda növündə qələbə qazandıq. Yarışlar çox əla keçdi. Bakıdakı mərkəz dünya səviyyəlidir. Bizə belə şərait yaratdıqlarına görə təşkilatçılara təşəkkür edirəm. Bu, mənim Azərbaycana ikinci səfərimdir. Ölkəniz hər dəfə məndə fərqli təəssüratlar yaradıb.

Bu sözləri jurnalistlərə müsahibəsində səngər stendi üzrə qarışıq komanda yarışında qızıl medal qazanan Avstraliya yığmasının üzvü Ceyms Villet bildirib. Onun komanda yoldaşı Laetişa Skanlen Bakıdakı dünya kuboku yarışındakı çıxışını yüksək qiymətləndirdiyini bildirib: “40 hədəfdən yalnız birini boşa verdik. Ceymslə uzun illərdir atıcılıqla məşğul oluruq. Buradakı meydanlar çox əladır. Mərkəz çox əla və cazibədardır. Avstraliyanın özündə belə atıcılıq məkanı yoxdur”.

Yarışda bürünc medal qazanan Türkiyə yığmasının üzvləri Tolqa Tünçər, Pelin Rumeysa Qaya və məşqçi Əmrə Güray da jurnalistlərə müsahibələrində mükafatçılar sırasına düşdükləri üçün məmnun olduqlarını bildiriblər.

Tolqa Tünçər yarışa əvvəl yaxşı başlamadıqlarını bildirib: “Finala vəsiqə qazanmaq üçün 1 xalımız çatmadı. Əlimizdən gələni etdik. Bürünc medal qazanmaq qismətimiz idi. Azərbaycanda keçirilən belə möhtəşəm turnirdə üçüncü olmaq da sevindirici haldır. Bakı Atıcılıq Mərkəzinin yaranmasında əməyi olan hər kəsə təşəkkür edirəm. Həqiqətən möhtəşəm məkandır. İnşallah, növbəti yarışlarda daha yaxşı nəticələr əldə edərik”.

Pelin Rümeysa Qaya mükafatlandırma mərasiminin əla keçdiyini bildirib: “Qardaş Azərbaycanda hamının bizə azarkeşlik etməsi çox xoşumuza gəldi. Həm əcnəbilər, həm azərbaycanlılar bizə xüsusi dəstək oldular”.

Bu növdə üçüncü yeri tutan digər komandanın - Qazaxıstan millisinin təmsilçisi, Qazaxıstan Atıcılıq Federasiyasının baş katibi Oleq Poçivavalov Azərbaycanda təşkil olunan bu cür mötəbər turnirdə iştirak etməkdən qürur duyduqlarını söyləyib: “Bura gələnə kimi millimiz Qəbələdə 20 günlük çox yaxşı hazırlıq keçmişdi. Buna görə dərin minnətdarlığımızı bildiririk. Medal qazanacağımıza nəinki ümid edirdik, bunu hədəf seçmişdik. Güclü komandamız var, Asiyada ilk “5-lik”də yer alırıq. Bakıda keçirilən bu yarış son beş ildəki ən yaxşı dünya kuboku turnirlərindən biridir. Təşkilatçılıq, qonaqlara olan münasibət, yaradılan şərait – hər şey yüksək səviyyədədir”.

Xəbər 294 dəfə oxundu.