Yaxın zamanda Xəzərdə dəniz avarçəkməsinin inkişafına başlanılacaq
İyunun 1-də Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) mətbuat konfransı təşkil edib.

Dənizkənarı Milli Park ərazisindəki “Kiçik Venesiya şəhərciyi”ndə keçirilən tədbirdə AKAF-ın vitse-prezidenti Fərid Əmirov və baş katibi Fərhad Əliyev iştirak ediblər.

Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov federasiyanın 2022-ci ildə gördüyü işləri yüksək qiymətləndirib. O, mayın 6-7-də təşkil edilən “Prezident kuboku-2022” beynəlxalq reqatasının əhəmiyyətini xüsusi vurğulayıb. E.Məmmədov, həmçinin Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasına gələcək işlərində uğur arzulayıb.

Sonra çıxış edən federasiya nümayəndələri AKAF-ın 2022-ci ildə gördüyü işlər və gələcək planları haqqında məlumat verib.

Qeyd olunub ki, 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə keçirilən tədbir zamanı ölkənin müxtəlif regionlarında uşaqlarla mütəmadi olaraq səyyar görüşlər keçirilir. Burada əsas məqsəd uşaqlar və yeniyetmələr arasında avarçəkmə idmanına marağı artırmaq və kütləviliyi təmin etməkdir. İyunun 1-dən isə bulvar ərazisində “Kiçik Venesiya şəhərciyi”ndə avarçəkmə məşqləri keçirilir. Hazırda Bakı Bulvarında dəniz avarçəkməsinin tələblərinə uyğun ərazini müəyyənləşdirmək üçün mütəxəssislər işləyirlər. Yaxın zamanda Xəzərdə dəniz avarçəkməsinin inkişafına başlanılacaq.

Həmçinin bu il ərzində federasiyanın gördüyü işlər barədə də media nümayəndələrinə məlumat verilib. Bildirilib ki, federasiyanın rəsmi adı və loqotipi dəyişdirilib. Yanvarın 29-da Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində Gənclər Gününə həsr edilən “Gənclər kuboku” keçirilib. Koronavirus pandemiyasından sonra baş tutan həmin yarışın təşkilində əsas məqsəd idmançıların hazırlıq səviyyəsini yoxlamaq olub. Novruz Bayramı ərəfəsində AKAF işğaldan azad olunmuş torpaqlarımızda idmançıların genişmiqyaslı ilk təlim-məşq toplanışını keçirib. Toplanışı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın şəxsən izləməsi federasiya üçün böyük qürur olması ilə yanaşı, məsuliyyəti də artırıb. Diqqətə çatdırılıb ki, işğaldan azad olunmuş ərazilərimizdə ilk beynəlxalq yarışı da Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası keçirib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr edilən “Prezident kuboku-2022” beynəlxalq reqatasının ilk günü Suqovuşan su anbarında təşkil edilib.

Mətbuat konfransında Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının yeni rəsmi saytı (akaf.az) ictimaiyyətə təqdim olunub.

Sonda “Kiçik Venesiya şəhərciyi” ərazisindəki suda avarçəkmə qayıqları nümayiş etdirilib.

Xəbər 456 dəfə oxundu.