“Kəpəz” və “Turan-Tovuz” klublarının Azərbaycan Premyer Liqasında iştirakı təsdiqlənib
Mayın 31-də AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Aparılmış müzakirələrdən sonra AFFA-nın Yoxlama və Təftiş Komitəsinin Əsasnaməsi təsdiq olunub. Komitənin sədri vəzifəsi 3 ay müddətinə Xalid Cavadova həvalə edilib. Bu müddət başa çatdıqdan sonra tərəflərin qarşılıqlı razılığı əsasında müqavilə 2024-cü ilin martına qədər uzadıla biləcək.

İclasda Azərbaycan Premyer Liqasının 2022/2023-cü il mövsümünün 10 komandanın iştirakı ilə keçirilməsi barədə qərar qəbul olunub. Müvafiq lisenziya almış “Kəpəz” və “Turan-Tovuz” klublarının Premyer Liqada iştirakı təsdiqlənib.

2022/2023-cü il mövsümündə Azərbaycan Premyer Liqasında legioner limiti 7+4 (7 əcnəbi, 4 yerli futbolçu) sistemi ilə tətbiq olunacaq.

Beynəlxalq təcrübə, UEFA-nın milli komandalar və klub yarışlarında tətbiq olunan qaydalar nəzərə alınaraq, Azərbaycan Premyer Liqasında 2022/2023-cü il mövsümündən etibarən oyunlarda 5 əvəzetməyə icazə veriləcək. Meydanı tərk edən futbolçuların əvəzinə oyuna daxil olan minimum 2 oyunçu yerli statuslu futbolçu olmalıdır.

İclasda Naib Əsədov AFFA-nın İntizam Komitəsinə üzv təyin edilib. Veteran futbolçular Məlik Həsənov, Xanoğlan Abbasov, Əli Hüseynov və Boris Tibilova AFFA-nın təqaüdünün verilməsi qərara alınıb.

İclasın sonunda İcraiyyə Komitəsinin üzvü, “Şamaxı” futbol klubunun Müşahidə Şurasının sədri Zaur Axundov işlərinin çoxluğu, Şamaxı şəhərinə gediş-gəliş üçün məsafə ilə əlaqədar vaxt məhdudiyyətini nəzərə alaraq klubda tutduğu vəzifədən istefa verdiyini bildirib. O, Azərbaycan Futzal Federasiyasının prezidenti vəzifəsində fəaliyyətini davam etdirəcəyini qeyd edib.

İclas başa çatdıqdan sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev, İcraiyyə Komitəsinin üzvləri və baş katib Sərxan Hacıyev Azərbaycan milli komandasının məşqini izləyiblər.

Xəbər 253 dəfə oxundu.