Turab Teymurov: Formula 1 Azərbaycan Qran-Prisinin Media Mərkəzi özünəməxsusluğu və üstünlüyü ilə seçilir
Mayın 31-də Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə media seminar keçirilib.

Formula 1 Azərbaycan Qran-Prisinin milli mətbuat katibi Turab Teymurov yarışa hazırlıqla bağlı məlumat verib. Qeyd edib ki, ikiillik fasilədən sonra bu il azarkeşlər avtoqraf sessiyaları və pit zolağı gəzintisində iştirak etmək imkanı qazanacaqlar.

Formula 1 üzrə dünya çempionatında mübarizə aparan komandalar və onların heyətləri barədə danışan T.Teymurov Bakı yarışının Media Mərkəzinin özünəməxsusluğu və üstünlüyü barədə seminar iştirakçılarına məlumat verib.

Yürüş təqviminə toxunan mətbuat katibi bu il Azərbaycan Qran-Prisinin saat 15:00-da start götürəcəyini deyib: “İyunun 11-də məşhur 24 saatlıq Le-Mann yarışı başlayacaq. Bu səbəbdən Beynəlxalq Avtomobil Federasiyası Bakı mərhələsinin startını saat 15:00-a təyin edib”.

Daha sonra BŞH-nin əməkdaşları media əməliyyatları, fotoqraflar üçün təyin olunmuş fotozonalar, təhlükəsizlik qaydaları və akkreditasiya prosesi barədə danışıblar.

Sonda media nümayəndələri ilə xatirə şəkli çəkdirilib.

Xəbər 259 dəfə oxundu.