Rihannanın "Tofiq Bəhramov"da konserti niyə baş tutmadı?
Məşhur müğənni Rihannanın Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionundakı konserti baş tutmayacaq. İdman.com.az saytının məlumatına görə, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin qonağı olacaq xanım adıçəkilən arenada keçiriləcək 1/4 final oyunundan əvvəl azarkeşlərə konsert verməli idi.

Lakin 1/4 final mərhələsi çərçivəsində, "C" qrupunun qalibi ilə "D" qrupunda ikinci yeri tutmuş komanda arasında oktyabrın 5-də keçiriləcək qarşılaşmasının stadionu dəyişdirilib. Oyun, əvvəlcədən nəzərdə tutulduğu kimi, Tofiq Bəhramov adına Respublika stadionunda deyil, 8-ci km stadionunda keçiriləcək.

Buna isə səbəb "Neftçi" klubunun Avropa Liqasının qrup mərhələsində oktyabrın 4-də, Tofiq Bəhramov adına Respublika stadionunda İtaliyanın "İnter" klubu ilə qarşılaşmasıdır. U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin qeyd olunan oyununda çıxış etməli olan müğənninin də “Tofiq Bəhramov”da oxuması bu yolla baş tutmayacaq.

Xəbər 1219 dəfə oxundu.