Türkiyə idmançısı: Qardaş Azərbaycanda dünya kuboku yarışında medal qazanmağımız bizi çox sevindirdi
Qardaş Azərbaycanda dünya kuboku yarışında medal qazanmağımız bizi çox sevindirdi. Biz bu medalı sadəcə Türkiyə adına yox, həm də Azərbaycan üçün əldə etdik. Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir.

Bu sözləri jurnalistlərə müsahibəsində Bakıda keçirilən atıcılıq üzrə dünya kuboku turnirində 10 metr məsafəyə pnevmatik tapançadan qarışıq növdə atəşaçma yarışında bürünc medal qazanan Türkiyə komandasının üzvü Yusuf Dikeç bildirib.

O qeyd edib ki, Bakı Atıçılıq Mərkəzində keçirilən yarışın təşkilatçılığı yüksək səviyyədədir: “Arena, yeməklər və xidmət möhtəşəmdir. Burada iştirakçılar diqqət və qayğı ilə əhatə olunublar. Belə təşkilatçılıqla çox nadir hallarda qarşılaşırıq”.

Yusuf Dikeçin komanda yoldaşı İlayda Şevval mükafata layiq görüldükləri üçün çox xoşbəxt olduğunu bildirib. Qardaş ölkədə Türkiyə adına medal qazanmağın qürurverici olduğunu bildirən idmançı nailiyyətlərin davamlı olacağına çalışacaqlarını deyib: “Gərgin məşqlərin bəhrəsini gördük. Bundan sonra da hazırlığımızı davam etdirib nailiyyətlərin davamlı olacağına çalışacağıq. Başqa ölkələrdə keçirilən dünya kuboku yarışlarından fərqli olaraq burada iştirakçı ölkələrin sayı çoxdur. Mübarizə olduqca gərgin keçdi”.

Xəbər 307 dəfə oxundu.