“Ocaq Sport” klubunun bədii gimnastika üzrə ilk açıq birinciliyi keçiriləcək
İyunun 1-2-də Bakı Olimpiya İdman Kompleksində “Ocaq Sport” klubunun bədii gimnastika üzrə birinci açıq birinciliyi keçiriləcək. Yarışda 248 idmançı (paytaxt klublarından 202, bölgələrdən isə 46 gimnast) qüvvəsini sınayacaq. Birincilikdə Bakı üzrə 11, regionlar üzrə 4 qrup komandası mübarizə aparacaq.

Yarışda idmançılar balacalar, yeniyetmələr və gənclər yaş kateqoriyalarında fərdi və qrup hərəkətləri proqramında çıxış edəcəklər. İki gün davam edəcək yarışda gimnastlar fərdi və qrup hərəkətləri proqramında çoxnövçülük üzrə öz aralarında qalibləri müəyyənləşdirəcəklər.

Yarışlarda tamaşaçı qismində iştirak edəcək şəxslər etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatına və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədə, COVID-19-a qarşı peyvənd əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatına (yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla) malik olmalıdırlar.

Xəbər 342 dəfə oxundu.