“Bakı-2022”: Atıcılıq üzrə dünya kuboku yarışının növbəti qalibləri Koreya və Yunanıstan təmsilçiləri olublar
Bakıda atıcılıq üzrə dünya kuboku yarışı davam edir.

10 metr məsafəyə pnevmatik tüfəngdən qarışıq növdə atəşaçma yarışlarında koreyalı Keum Jihyeon - Park Hajun cütlüyü birinci yeri tutub. Həmin məsafə üzrə pnevmatik tapançadan atəşaçma yarışlarında isə Yunanıstan təmsilçiləri Anna Korakaki - Dionysios Korakakis cütlüyü fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb.

Ümumi nəticələrə görə, Serbiya komandası 2 qızıl, 1 gümüş və 1 bürünc medalla liderliyini davam etdirir.

Xatırladaq ki, iyunun 7-dək davam edəcək turnirdə 66 ölkədən 705 idmançı 30 növ üzrə gücünü sınayır. Turnirdə qarışıq komanda, komanda və şəxsi yarışlar keçirilir. Azərbaycanı dünya kuboku yarışında 36 idmançı təmsil edir.

Turnirdə idmançılar 30-u qızıl olmaqla, 188 medal uğrunda mübarizə aparırlar.

Ətraflı

Xəbər 326 dəfə oxundu.