Azərbaycan Standartlaşdırma İnstitutu ilə “Gəncə” idman klubu arasında memorandum imzalanıb
Azərbaycan Standartlaşdırma İnstitutu ilə “Gəncə” idman klubu arasında memorandum imzalanıb.

Memorandumun məqsədi ölkədə beynəlxalq tələblərə uyğun idman sahəsində standartların hazırlanmasından ibarətdir. Anlaşmaya əsasən, ilk olaraq yerli qanunvericilik və beynəlxalq standartlar nəzərə alınmaqla birgə araşdırmaların aparılması nəzərdə tutulub.

Memorandum çərçivəsində idman sahəsində mövcud dövlət standartlarının təhlilinin aparılması və aktuallaşdırılması, federasiyaların fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkil edilməsində məsləhət xidmətlərinin göstərilməsi və idarəetmə sistemlərinin sertifikatlaşdırılması, peşə standartlarının hazırlanması, müvafiq standartlar əsasında təlimlərin təşkili məsələləri yer alıb. Həmçinin anlaşmada əməkdaşlıq istiqamətləri üzrə məlumat mübadiləsi, birgə tədbirlərin (konfrans, seminar, simpozium, bençmarkinq, dəyirmi masa və s.) təşkili, yeni kadrların və mütəxəssislərin hazırlanması, bilik və bacarıqlarının artırılması və təkmilləşdirilməsi və bu sahədə qəbul ediləcək yeni standartlar haqqında ictimai məlumatlandırmanın aparılmasına da yer verilib.

Memorandumu Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktorunun birinci müavini, baş direktorun vəzifəsini müvəqqəti icra edən İlham Bayramov və “Gəncə” idman klubunun prezidenti Elvin Abbasov imzalayıblar.

İnstitutun əsas fəaliyyət istiqamətləri standartların hazırlanması, qəbulu və ləğv edilməsi, Dövlət Standartlar Fondunun idarə edilməsi, Texniki Komitələrin fəaliyyətinin əlaqələndirilməsi, Azərbaycanın standartlaşdırma üzrə beynəlxalq və regional təşkilatlarında təmsil edilməsi, standartlaşdırma üzrə xarici ölkələrin təşkilatları ilə ikitərəfli əməkdaşlıq əlaqələrinin qurulması, standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi fəaliyyətinin təşviq edilməsidir. 2017-ci ildən İnstitut ISO-nun tamhüquqlu üzvü olmaqla yanaşı, Beynəlxalq Elektrotexniki Komissiyanın (İEC) Müxbir ölkələr proqramında (Affiliate Country Program) iştirak edir, Avropa Standartlaşdırma Təşkilatında (CEN) Tərəfdaş standartlaşdırma orqanı (CSB) statusunda təmsil olunur.

Xəbər 267 dəfə oxundu.