Formula 1 Azərbaycan Qran-Prisi: Bakı trekinə mediatur təşkil olunub
Mayın 30-da Formula 1 Azərbaycan Qran-Prisinin trekinə mediatur təşkil olunub.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) yarış obyektinin tikintisi üzrə rəhbəri Tom Butçer trek barədə media nümayəndələrinə məlumat verib.

Trekin uzunluğunun 6,003 kilometr olduğunu bildirən T.Butçer trasın almaniyalı mütəxəssis Hermann Tilke tərəfindən hazırlandığını deyib: “Bakı yarışı ən sürətli şəhər yarışlarından biri hesab olunur. 2017-ci il Azərbaycan Qran-Prisi azarkeş tərəfindən ilin ən yaxşı yarışı adına layiq görülüb. Formula 1 təqvimindəki ən uzun treklərdən sayılan Bakı trasının 20 döngəsi var. Tarixiliyin və müasirliyin vəhdətini uğurlu şəkildə bir araya gətirən Bakı şəhər halqası saatın əksi istiqamətində hərəkət edir. Trek ətrafında 3 min 600-ə yaxın blok quraşdırılıb və bu beton bloklar azarkeşlərin, marşalların təhlükəsizliyini təmin edir”.

Azərbaycan Qran-Prisində 52 dövrənin olduğunu diqqətə çatdıran T.Butçer indiyədək heç bir F-1 pilotunun Bakıda iki dəfə qalib gəlmədiyini vurğulayıb: “Hər il fərqli pilot qalib gəlib. Bunu hətta “Bakı sindromu” da adlandırırlar”.

Media nümayəndələri, həmçinin “Paddock”da görülən işlərlə də tanış olublar.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi iyunun 10-12-də Bakı şəhər halqasında keçiriləcək.

Xəbər 265 dəfə oxundu.