Basketbol üzrə kişilərdən ibarət milli komandamız Belqradda təlim-məşq toplanışını davam etdirir
Basketbolun 3x3 növü üzrə kişilərdən ibarət milli komandası Serbiyanın paytaxtı Belqradda təlim-məşq toplanışını davam etdirir.

Kiprdə iyunun 4-5-də keçiriləcək Avropa çempionatının seçmə mərhələsinə hazırlaşan yığmamızın heyətinə legioner basketbolçularımız da qoşulublar. Bunlar Türkiyənin "Qaziantep" klubunun kapitanı Orxan Aydın və İspaniyanın “Mursiya” komandasının üzvü Cordan Deyvisdir. Kişilərdən ibarət əsas komandamıza yeni təyin olunmuş baş məşqçi Aleksandar Trifunoviç də toplanışı izləmək üçün Serbiyaya səfər edib. Mütəxəssis burada millinin üzvləri ilə tanış olub. A.Trifunoviç basketbolçularla əsas milli komandanın qarşıdakı təlim-məşq toplanışları barəsində söhbət aparıb, onlara Avropa çempionatının seçmə mərhələsində uğurlar arzulayıb.

Xəbər 333 dəfə oxundu.