Şəkidə ilk dəfə bədii gimnastika üzrə "Dostluq yarışı" keçirilib
Şəki Olimpiya İdman Kompleksində 28 May - Müstəqillik Gününə həsr edilmiş bədii gimnastika üzrə "Dostluq yarışı" keçirilib.

Yarışda idmançılar fərdi və qrup hərəkətləri proqramında mübarizə aparıblar.

İki gün davam edən yarışda fərdi və qrup hərəkətləri proqramında çoxnövçülükdə və ayrı-ayrı alətlər üzrə qaliblər müəyyənləşib.

Şəkidə ilk dəfə bədii gimnastika üzrə yarış təşkil olunub. Bu xəbər şəkili azarkeşlərin böyük sevincinə səbəb olub. Azarkeş sayının çoxluğundan "Dostluq yarışı"nın Şəkidə əsl bayram əhval-ruhiyyəsi yaratdığı hiss olunub. Məhz bölgə yarışında böyük izdiham və coşqunun müşahidə edilməsi bir daha təsdiqləyir ki, ölkəmizdə idmana, eləcə də gimnastikaya nəinki paytaxtımızda, həmçinin bölgələrimizdə də böyük maraq var.

Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyası tərəfindən milli yarışların, gimnastlarımızın mötəbər yarışlar ərəfəsində yoxlama məşqlərinin, müxtəlif nümunəvi çıxışlarının, eləcə də ustad dərslərinin bölgələrdə təşkili artıq bir ənənə halını alıb. İlk dəfə olaraq 2011-ci ildə bədii gimnastika üzrə 18-ci Azərbaycan çempionatı paytaxt Bakıda deyil, məhz Qusarda keçirilib. 2015-ci ildə isə Mingəçevirdə yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində bədii gimnastika üzrə 23-cü Azərbaycan birinciliyi və 3-cü bölgələrarası kubok yarışı təşkil edilib.

Xəbər 289 dəfə oxundu.